"Qrupumuzun bir favoriti var, o da Almaniyadı" -Şeydayev

"Qrupumuzun bir favoriti var, o da Almaniyadı" -Şeydayev

Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin "Trabzonspor" klubunun hücumçusu Ramil Şeydayevin azerisport.az saytına müsahibəsi

- Bakıya, millinin düşərgəsinə hansı vəziyyətdə gəlmisiniz? Özünüzü fiziki və psixoloji cəhətdən necə hiss edirsiz?

- Hər şey əladır. Yaxşı formadayam və qarşıdakı matçlara hazırlaşıram.

- Bir müddət öncə Türkiyə Kuboku çərçivəsindəki oyunda rəsmi debüt etdiniz, hətta qol da vurdunuz. Amma Super Liqa oyunlarında heç iştirak ərizəsinə də düşmürsüz. Maraqlıdır, niyə?

- Hər məşqdə maksimum güc sərf edirəm, özümü yaxşı tərəfdən göstərirəm və şans gözləyirəm. Sualınıza dair ancaq bunları deyə bilərəm.

- Qarşıdakı oyunlarda sizi "Trabzonspor"un heyətində görə bilərik?

- Əlbəttə. Mən də buna çox ümid edirəm.

- Millimizin Norveç və Çexiyaya qarşı keçirəcəyi oyunlarından nə gözləyirsiniz?

- Norveçə qalib gəlmək üçün hər şeyimiz var. Əlbəttə, bu oyunların heç biri asan olmayacaq. Ona görə də matçlara maksimum yaxşı köklənməliyik. Çexiya barədə Norveçlə matçdan sonra düşünmək olar.

- "Norveçə qalib gəlmək üçün hər şeyimiz var" deməklə nəyi nəzərdə tutursunuz?

- Ən azından komandamız rəqibdən zəif deyil. Yer aldığımız qrupun bir favoriti var, o da Almaniyadır.

- Oyun təcrübənizin azlığını nəzərə alsaq, start heyətdə meydana çıxacağınıza nə dərəcədə ümidlisiniz? Həm də sizin mövqedə çıxış edən Rauf Əliyev son dövrlər Premyer Liqada qollar vurur...

- Mən həmişə əsas heyətdə oynamağa can atıram. Hər an buna hazır olmağa çalışıram. Necə olacağını isə zaman göstərəcək.

- Norveçlə qarşılaşma sizin üçün ilk ev oyunu olacaq. Bakıda, doğma azarkeşlər qarşısında ilk dəfə oyuna çıxmağın həyəcanı var?

- Mən bircə ona ümidliyəm ki, bu oyuna azarkeşlər mümkün qədər çox gələcəklər və öz ölkələrinin komandasını dəstəkləyəcəklər. Bu, komandamız üçün çox vacibdir.

- Azarkeş sayının çox olması şübhə doğurur. Çünki Azərbaycan yığması təkbaşına tribunaları doldurmağa qadir deyil. Bunun üçün həm də rəqibin adlı-sanlı olması lazımdır...

- Əgər elədirsə, çox təəssüf...

- Rusiya mətbuatında az qala hər gün hansısa futbol adamının sizin Azərbaycan yığmasını seçməyinizə dair açıqlamalara rast gəlmək olur. Onların sizin seçiminizlə barışa bilməməsi barədə nə deyə bilərsiniz?

- Mən mətbuatı çox nadir hallarda oxuyuram. Dediyiniz açıqlamalarla isə hələ rastlaşmamışam. Hətta elədirsə, yenə də mənim üçün bunun bir fərqi yoxdur. Buna normal yanaşıram.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər