İngilətərə Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Lester" unudulmayacaq tarixə imza atdı. Maraqlıdı, "tülkülər" bunu necə bacardı?
Ötən mövsümün başa çatmasına 9 həfə qalmış komandanın aşağı liqaya yuvarlanacağı ehtimal olunurdu. Məsələ burasındadı ki, bu gün komandada çıxış edən Fuçs, Okazako və Kantedən başqa digər oyunçuların hamısı ötən mövsüm də "Lester"in şərəfini qoruyurdu. Ancaq aşağı liqaya düşəcəyi ehtimal olunan "Lester" mövsümün başa çatmasında 9 tur qalmış inanılmaz yüksəliş əldə etdi. Son 9 oyunun 7-də qalib gələn "tülkülər"in yeganə məğlubiyyəti "Çelsi"yə qarşı olur və "Sanderlend"lə bərabərə qalırlar.
Həmin dönəm komandaya başçılıq edən Pearson "Lester"i Premyer Liqada saxlamağı bacarsa da, klub rəhbərliyi onu göndərib, Klaudio Ranyeri ilə anlaşır. Təbii ki, çoxları italiyalı çalışdırıcını gətirilməsini doğru hesab etmirdi. Onun komandaya baş məşqçi təyin edilməsi uğursuz addım hesab olunurdu.
Buna baxmayaraq, son çempion Ranyerinin rəhbərliyi ilə meydana çıxdığı ilk qarşılaşmada "Sanderlend"i 4:2 hesabı ilə məğlub etməyi bacardı. 5-ci turda "Aston Villa" ilə oyunda 0:2 hesabı ilə geriyə düşən "Lester" son 18 dəqiqədə vurduğu 3 qolla aktivinə daha 3 xal yazdırdı. 5 turun nəticəsinə görə ikinci pillədə qərarlaşan "Lester" 21 noyabrda "Nyukasl"ı 3:0 hesabı ilə məğlub etməklə liderliyə yüksəldi.
"Lester"in liderliyə yüksəlməsi ilə yanaşı, komandanın qol silahı Ceymi Vardi də diqqət mərkəzinə düşür. İngiltərəli forvard "Mançester Yunayted"ə vurduğu qolla 11 oyunda fərqlənməklə Ruud van Nisterloyun rekordunu qırmağı bacardı. Ranyerinin ən önəmli qələbələrindən biri də ötən mövsümün çempionu "Çelsi" üzərində oldu - 2:1. Bu qələbədən sonra Premyer Liqada "Lester" qorxusu yarandı.
Ardınca "Mançester Siti"ni səfərdə 3:1 hesabı ilə məğlub edən Ranyerinin komandası favoritlərdən biri hesab olundu.
Ancaq "Lester" üçün şirin yuxu kabusa dönə bilərdi. Belə ki, "Vest Hem"lə oyunda "tülkülər" 1:0 hesabı ilə önə keçsə də, 84 və 86-cı dəqiqələrdə qapısında iki qol gördü. Buna qədər isə komandanın qol silahı Vardi qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. Ancaq 90+5-ci dəqiqədə penalti qazanan hazırkı çempion Leobardo Ulloanın fərqlənməsiylə meydandan qızıl dəyərində 1 xalla ayrıldı.
1 həftə sonra "Suonsi"ni 4:0 hesabı ilə darmadağın edən "Lester"ə çempionluq üçün yalnız bir qələbə bəs edirdi. Ancaq onlar "Mançester Yunayted"lə oyunda bərabərə qalan (1:1) ilk şansdan yararlana bilmədi. Qalan iki matçda cəmi bir qələbəyə və "Tottenhem"in xal itirməsinə ehtiyacı olan Ranyerinin komandasının imdadına "Çesli" çatdı.
2 mövsüm əvvəl "Liverpul"u devirib, "Mançester Siti"ni çempion elan edən "Çelsi" bu dəfə "Tottenhem"in bəlası oldu. "Zadəganlar" hesabda 0:2 hesabı ilə geriyə düşsə də, ikinci 45 dəqiqədə vurduğu 2 qolla matçda tarazlığı yaratdı. Bununla da "Lester" tarixində ilkə imza ataraq bir anda bütün dünyanın diqqətini öz üzərinə çəkdi.
İndi Ranyeri və komandasını Çempionlar Liqasında çətin sınaq gözləyir... (Sport7.az)
Fanat.az