Robert Prosineçki Xorvatiya millisinin "AVRO-2016"da mübarizəni dayandırması ilə bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, yerli mətbuata danışan xorvat mütəxəssis bunları deyib:
"Xorvatiyanın mübarizəni dayandırması məni çox məyus etdi. Hərçənd komanda qrup mərhələsində çox yaxşı təsir bağışladı və birinci oldu. Portuqaliyaya məğlubiyyət bizim üçün şok nəticə olmadı. Çünki 1/8 finalda güclü rəqiblə qarşılaşacağımızı bilirdik. Portuqaliya qrup mərhələsini üçüncü pillədə başa vursa da, keyfiyyət və fərdi göstəricilər baxımından böyük komandadı. Onların heyətində bir zərbə ilə matçın taleyini həll edə biləcək futbolçular çoxdu. Elə oyunun taleyini də Ronaldo və Rikardo Kuareşma kimi usta futbolçular həll etdi. Bizim artıq qol buraxdıqdan sonra geridönüş etmək üçün vaxtımız qalmadı. Bununla belə, Xorvatiya Fransada yaxşı oyun sərgilədi və neytral azarkeşlərin də rəğbətini qazandı. Təbii ki, bu futbolçular daha artığına layiq idilər. Ancaq bu dəfə alınmadı".
Qeyd edək ki, "AVRO-2016"nın 1/8 finalında Portuqaliyaya 0:1 hesabı ilə uduzan Xorvatiya millisi turnirlə vidalaşıb.
Fanat.az