Bu gün Fransada keçirilən Avropa çempionatı başa çatır. Fanat.az xəbər verir ki, final matçında meydan sahibləri Portuqaliyanı sınağa çəkəcək.
Beləliklə, Portuqaliyanın ulduzu Kriştiano Ronaldo və Fransanın forvardı Antoine Qrizmann Çempionlar Liqasının finalından sonra Avropa çempionatının finalında qarşılaşacaq. Çempionlar Liqasının finalında Ronaldonun komandası "Real" Qrizmannın forma geyindiyi "Atletiko"nu penalti seriyasında yenərək kuboka sahib çıxmışdı.
Bu gecəki qarşılaşma iki ulduz futbolçunun qarşıdurması barıxımından da önəmlidi.
Avropa çempionatında keçirdiyi oyunlarda 3 qol vurub, 3 məhsuldar ötürmə edən Ronaldo tarixində ikinci dəfə final oynayan Portuqaliyanı ilk dəfə çempion etməyə çalışacaq.
Turnirdə 6 qol vurub, 2 məhsuldar ötürmə edən Qrizmann isə Fransanın 1984 və 2000-ci illərdən sonra üçüncü dəfə kuboku muzeyinə aparması uğrunda mübarizə aparacaq.
Ronaldonun ikinci, Qrizmannın ilk finalı
Final Ronaldonun karyerasında Avropa çempionatında oynayacağı ikinci, Qrizmann üçün ilk final olacaq. Portuqaliyalı ulduz ilk dəfə ölkəsində keçirilən "AVRO-2004"də forma geyinmiş və finalda Yunanıstana uduzmuşdu.
"Atletiko"nun formasını geyinən Qrizmann isə 2010-cu ildə Fransada keçirilən U-19-lar arasında Avropa çempionatında çıxış edib və komandasının kuboku qazanmasında əsas pay sahiblərindən olub.
Ronaldodan yeni rekordlar
Ronaldo komandasının Avropa çempionatındakı ikinci matçında - Avstriya qarşılaşmasında meydana çıxaraq millidə ən çox forma geyinən futbolçu olmuşdu. Həmin gün 128-ci dəfə milli formanı geyinən 31 yaşlı ulduz Portuqaliya yığmasında ən çox oynayan futbolçu ünvanını 1991-ci ildən 2006-cı ilədək komandada 127 matça çıxmış Luiş Fiqodan təhvil almışdı.
Portuqaliyanın qrup mərhələsində Macarıstanla 3:3 hesablı heç-heçəyə razılaşdığı qarşılaşmada 2 qol vuran Ronaldo forma geyindiyi 4 Avropa çempionatında da (2004, 2008, 2012, 2016) qol vuran ilk futbolçu kimi tarixə düşüb.
"Real"ın ulduzu Uelslə yarımfinal matçında vurduğu qolla Mişel Platininin rekorduna sahib çıxıb. Belə ki, Ronaldo Avropa çempionatlarında qol sayını 9-a çatdırıb. Bununla da o, Platini ilə birlikdə turnirdə ən çox qol vuran oyunçu olub. O, bu gecə bir qol vursa, Platinini geridə qoyacaq.
Qeyd edək ki, Ronaldo millidə keçirdiyi 132 oyunda 61 qol vurub. O, yığmanın həm ən çox oyun keçirən, həm də ən çox qol vuran futbolçusudu.
Ən çox qol vuran ikinci fransız
Qrizmann "AVRO-2016"da vurduğu 6 qolla turnir tarixində ən çox fərqlənən ikinci fransız futbolçudu. Qrupdakı Albaniya və 1/4 finaldakı İslandiya matçlarında bir, 1/8 və 1/2 finalda iki qol vuran futbolçu Avropa çempionatlarında 5 qolvuran Zinəddin Zidanı geridə qoyaraq, Tyerri Anriyə çatıb. O, bir qol vuracağı halda Anridən önə keçəcək.
Fransız futbolçular arasında Avropa çempionatlarında ən çox qol vuran futbolçu isə Mişel Platinidi. O, 1984-
cü ildəki turnirdə 9 dəfə fərqlənib.
Fanat.az