“Xoruz ili”ndə - 1981-ci ildə doğulan məşhur futbolçular arasından 10 ən tanınmışının karyerasını hələ də davam etdirməsi olduqca cəlbedici faktdı. Fanat.Az xəbər verir ki, yaşı 35-i ötən futbol ulduzları butslarını mıxdan asana oxşamır. Futboldan doymayan “xoruzlar”ın 2017-ci ildə nə ilə yadda qalacağı böyük maraq doğurur.
Zlatan İbrahimoviç (3 oktyabr, Malmö, İsveç)

Xüsusi təqdimata ehtiyacı olmayan Bosniya və Hersoqovina əsilli İbranın PSJ-də qazandığı çempionluqların ardından “Mançester Yunayted”in hazırkı çalışdırıcısı Joze Mourunyonun transfer siyahısına düşməsi əsla təəccübləndirmədi. İsveç yığmasının formasıyla sərgilədiyi futbolla da adından dəfələrlə söz etdirən superulduz “qırmızı şeytanlar”ın sıralarında yenə öz işindədi.
İker Kasilyas (20 may, Mostoles (Madrid), İspaniya)

Yaxın keçmişdə Madrid “Real”ının simasını müəyyənləşdirən iki-üç futbolçudan biri sayılan Kasilyas ehtiyatda oturmaqdansa, “Portu”da oynamağı üstün tutdu. 2015-ci ildə Portuqaliyaya yollanan əlcək sahibinin 34 yaşda futboldan getmək istəməməsi şübhəsiz, futbol ehtirasından qaynaqlanır. Daha 3-4 il sevimli işiylə məşğul olacağı inandırıcıdı.
Samuel Eto (10 mart, Duala, Kamerun)

Sənəddə “xoruz” olan Samuelin yaşıyla bağlı ciddi şübhələr var. “Barsa”da karyerasının zirvəsini yaşayan qaradərili hücumçunun İtaliya və İngiltərə macəralarının ardından Rusiyaya (“Anji”, Mahaçqala) , ordan da Türkiyəyə getdiyini bilirsiz. Hə, “Antalyaspor” camiəsi bu gün də Samuelin başına and içir. Kamerunlunun pula, yoxsa futbola vurulduğunu konkret söyləmək çətindi. Amma hələ də oynayır!
David Vilya (3 dekabr, Lanqreo, İspaniya)

2005-2010 aralığında oynadığı “Valensiya”da 166 matça 107 qol vuran Vilyanın “Barselona” və Madrid “Atletiko”sunda ortaya qoyduğu performans bəllidi. Milli komanda da öz yerində... İspaniya millisi tarixinin ən yaxşı bombardiri adını (59 qol) vurğulasaq, bəs edər. İndi dünya və Avropa çempionu ABŞ-da “Nyu-York Siti”nin uğurları üçün tər tökür və bu il MLS-in ən dəyərli futbolçusu mükafatına sahib çıxıb. Avstraliya “Melburn Siti”-sində icarə qaydasıyla müəyyən müddət çıxış edən Vilya mühiti dəyişsə də, oyun üslubunu dəyişmir.
Andrey Arşavin (29 may, Sankt Peterburq, Rusiya)

2009-2013 aralığında “Arsenal”da 105 oyun keçirən Şava 23 qol vurmaqla rus fanatları qürurlandırmışdı. Yəqin bir oyunda 4 dəfə fərqlənərək İngiltərə elitasında poker etmiş yeganə rusa çevrildiyi haqda da oxumusuz. “Arsenal”dan yetirməsi olduğu “Zenit”ə qayıdan, ardından “Kuban”da forma geyən Arşavin bu gün Qazaxıstandadı. Kaxaber Tsxadadzenin komandasında – “Kayrat”da tükənmədiyini, yorulmadığını isbatlayır.
Xabi Alonso (25 noyabr, Tolosa, İspaniya)

“Liverpul” - “Real” - “Bavariya” marşrutu ilə hərəkət edən Alonsonun oyununda eniş sezilmir. Əksinə, bəzən möhtəşəm ötürmələrlə də könülləri riqqətə gətirir. Müxtəlif sistemlərdən faydalanan böyük klublarda sabit futbol sərgiləməsi başqalarına örnək sayıla bilər. Daha çox “qara iş” görməli olan birinin bəzən pleymeykerlərə xas davranışları, sərt zərbələri özlüyündə məktəbdi.
Dimitar Berbatov (30 yanvar, Blaqoyevqrad, Bolqarıstan)

“Bayer 04”dən “Tottenhem”ə keçən, özünü təsdiqləyərək “Mançester Yunayted” səviyyəsinə qalxan Dimitar Bolqarıstanın fəxri, dünya futbolunda iz qoymuş forvarddı. Düzdü, “Fulhem” dən “Monako” ya, daha sonra PAOK-a “düşməsi” yaşıyla bağlıdı. Ancaq Berba yaşıl meydanlarla vidalaşmağa can atmır.
Piter Krauç (30 yanvar, Maklsfild, İngiltərə)

Berbatovla eyni gündə dünyaya gələn Piteri “Liverpul” və “Tottenhem”də oynadığı illərdə tanımayanlar da tanıdı. İki metr boya malik Krauç 2010-cu ildən bəri 42 oyunda formasını geydiyi İngiltərə yığmasına çağırılmasa da, “Stok Siti”də futbolun dadını çıxardır. Robokrauç ləqəbini özünəməxsus qol sevinclərinə görə alan forvardın “xoruz” ilində də top qovmaq fikri qətidir.
Milan Baroş (28 oktyabr, Valaşske-Mezirjiçi, sabiq Çexoslovakiya)

Bu il Liberets “Slovan”ının formasıyla Avroliqada “Qarabağ”a qarşı oynayan və təmsilçimizə Bakıda qol vuran Baroş karyerasının qürub çağlarını yaşasa belə, bu gün də bir neçə klubun maraq dairəsindədi. “Liverpul”da (2002-2005) adından söz etdirən, bir neçə klub dəyişəndən sonra ulduz qismində Türkiyə nəhəngi “Qalatasaray”a gələn forvard gələcəyə ümidlə baxır.
Roman Pavlyuçenko (15 dekabr, Mostovskoy, Rusiya)

2008-ci ildən 2012-ci ilə qədər “Tottenhem”də oynayan Pavlyuçenko üçün “Ural” samballı iş yeri sayıla bilməz. Rusiyanın Avropa çempionatları tarixində ən çox top vuran (4) futbolçusu adına yiyələnən Romanın “Xoruz ili”ndə iş yerini dəyişəcəyi gözlənilir.
Fanat.az