Prosineçkinin özündən razılığı

Prosineçkinin özündən razılığı
Adamın çalışdırdığı komanda Qazaxıstana uduzub, heç utanmadan razılığını ifadə edir...
"Biz standart vəziyyətdən qol buraxdıq. Hələ üzərində işləyəcəyimiz məqamlar var. Amma ümumilikdə oyunumuzdan razı qaldım” – bu sözləri Qazaxıstanla oyundan sonra millimizin baş məşqçisi Robert Prosineçki deyib. 
Hisslərimi yumşaq sözlərlə ifadə etməyə çətinlik çəkirəm. Dilimin ucunda ilişib qalanları yazsam, futbolçu kimi böyük karyeraya malik Robbini təhqir etmiş olaram.
Adamın çalışdırdığı komanda Qazaxıstana uduzub, heç utanmadan razılığını ifadə edir. Azərbaycanın əsas komandası, formasında dövlətimizin və bayrağımızın simvollarını gəzdirən, xalqın çətin günündə yağ-bal içində bəslənən millimiz daha kimə uduzmalıdı ki, Robert Prosineçki narazı qaldığını desin, utandığından üzü qızarsın? Bu komandanı Berti Foqts da Astanada rəzil etmişdi. Həmin vaxt məğlubiyyət zəlzələ effekti doğurmuşdu. AFFA başbilənlərinin dilindən ciddi açıqlamalar səslənmiş, futbolçular və almaniyalı məşqçilər sərt şəkildə qınanmışdı. Nəydi qoca Foqtsun günahı? Prosineçkinin ondan nəyi yaxşıdı? Davur Şukerin etiraf etdiyi kimi, onu Azərbaycana Elxan Məmmədov gətiribsə, Robbi toxunulmazdırmı? Xeyir, əzizlərim. Biz belə "çərçivələrə” sığacaq insanlar deyilik. Demişik, deyirik və deyəcəyik də.
Robert Prosineçkinin komandasının oyunundan razılığını ifadə etməsi onun dolayısıyla özündən razı olduğuna işarə idi. Özündən müştəbeh, gözü ayağının altını görməyən ötənlərin məşhur futbolçusu soyuq başla oyunun videoyazısına təkrar baxsa, xəcalət çəkəcək. Baxsın görsün ki, Kamran Ağayevin qoruduğu qapıya doğru 14 dəfə zərbə vuran qazaxlar onun futbolçularını necə rahatlıqla keçirdilər. Azı 2-3 epizodda Bayjanov, Xijniçenko, Konısbayev cinahboyu çox asanlıqla reyd etdilər, topu öz cərimə meydançalarının önündən bizim qapının qarşısına qədər maneəsiz gətirdilər. Prosineçki isə cinah futbolçusunu mərkəzdə, yarımmüdafiəçini müdafiədə oynatığını deməklə bizim başımızı qatır. 
Bəzən dəyərli oxucularımız bizdən oyunların taktiki analizini, meydandakı futbolun təhlilini tələb edirlər. Amma bir məsələni unutmayaq ki, bu günkü sitiuasiya bizdən daha vacib məqamları gündəmdə saxlamağı, futbolumuzun ətrafında qurulan məkrli planları pozmağı tələb edir. Diqqət yetirdinizsə, qarşılaşmanın gedişində, qazaxlar hesabı açandan dərhal sonra "Astana”nın Çempionlar Liqasındakı çıxışı, Qazaxıstan çempionatının son illərdə səviyyəsini yüksəltməsi yada düşdü. Oyunu canlı yayımlayan telekanalın analitikləri həm fasilədə, həm də final fitindən sonra bu məqamın üzərinə gəlir, rəqibin gücünü şişirtməyə çalışırdılar. Proseslərin vahid mərkəzdən, məharətli drijorun çubuğuyla idarə olunduğu isə şübhəsizdi. Biz Qazaxıstana uduzanda bəhanələrdən yapşırıqsa, hansı üzlə 2020-ci ildə keçiriləcək Avropa Çempionatının final mərhələsinə düşməkdən danışırıq? Almaniya, Çexiya, Şimali İrlandiya və Norveçin yer aldığı qrupda bizi nə gözləyir? Yenə də "oyunların təşkili” adı altında ciblərə axıdılan milyonlar, qrupda heç nəyi həll etməyən oyunlardakı təsadüfi heç-heçələr, San-Marino üzərindəki möhtəşəm qələbənin sevinci. 
Dəyişən heç nə yoxdu. Belədirsə, özündənrazı Prosineçkiyə ildə 1,2 milyon  avro niyə ödəyirik? Buraxın adam getsin Zaqrebdəki bazarının işinə nəzarət etsin!
Amal Abuşov
Sport7.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər