"Startap Star-ALE" 2020-ci il Olimpiya oyunları mərasimi zamanı Tokio səmasında süni meteorit yağışı yaratmağı təklif edir. Söhbət yeni, dəbli füşənglərdən yox, həqiqi meteorit yağışından gedir. Bu mənzərəni Yaponiya paytaxtı ətrafında 200 kvadrat kilometrdən çox sahədə müşahidə etmək mümkün olacaq.
Fanat.az xəbər verir ki, bu planın realizəsi üçün şirkət gələn ildən etibarən göyərtəsində 500-1000 ədəd xüsusi hazırlanmış özüalışan kürələrin olacağı bir neçə mikropeyk buraxmağa başlayacaq. Peyklər bu mərmilərlə planetimizin atmosferinə atəş açacaq, atılan mərmi kürələri isə öz növbəsində müxtəlif rənglərdə parıldayaraq gözəl mənzərə yaradacaq.
Adi füşənglərdə olduğu kimi "meteor yağışı" kürələrinin daxilində də qızan zaman müxtəlif rənglərlə bərq vuran və havada heyrətləndirici dərəcədə gözəl partlayışlar yaradan müxtəlif metal və elementlərdən istifadə ediləcək. Meteor yağışı ideyasının həqiqətən reallığa çevrilə biləcəyini yoxlamaq üçün şirkət laborator şəraitdə silsilə sınaqlar aparıb. Xüsusi kürələr vakuum kameralara yerləşdirilib və güclü qızdırılan, səsdən sürətlə hərəkət edən qaz axınları vasitəsilə partladılıb. Bununla da mərminin atmosferə daxil olarkən süni surətdə sürtünməsi effekti yaradılıb. Təcrübələr uğurla keçib.

.
Mərmilərin atmosferə daxil olarkən yer səthindən 60-80 km məsafədə parlaq işıq saçmaları planlaşdırılır. Bu mənzərəni Tokio şəhəri və həmin əhatədəki vilayətlər ətrafında ən azı 200 km sahədə görmək mümkün olacaq. 30 milyondan çox insan fantastik mənzərənin şahidi ola biləcək.
"Meteor yağışı"nın yalnız bir mərmisinin 8 min dollardan bir qədər baha başa gəlməsini nəzərə alsaq "Sky Canvas" adı alan bu layihə üçün böyük auditoriya olduqca böyük əhəmiyyət daşıyır. Söylədiklərimizə hələ peyklərin yaradılması, onların Yer orbitinə çıxarılması xərcləri daxil deyil. (Salamnews)
Fanat.az