Joze Mourinyo Portuqaliyada prezident seçkiləri öncəsi keçirilən seçki kampaniyasına qoşulub. Fanat.az xəbər verir ki, "Çelsi"nin sabiq baş məşqçisi mühafizəkar Sosial Demokrat Partiyasının namizədi Marselo Rebelo de Sousaya dəstək verib.
Rebelo de Sousa 24 yanvarda keçiriləcək seçkinin favoriti hesab olunur. Ona dəstək üçün hazırlanan video-çarxda yer alan Mourinyo seçicilərə müraciət edib: "Portuqaliyanın doğru seçimə bu günə qədər olmadığı qədər ehtiyacı var. Mən Marseloya səs verirəm, çünki onun bizim üçün ən yaxşı seçim olduğuna inanıram".
15 ildi Avropanı dolaşdığını, bir çox ölkədə işədiyini bildirən Mourinyo Portuqaliyanın nəyə ehtiyacının olduğunu yaxşı bildiyini deyib. Bununla da Mourinyo ilk dəfə siyasi fikirləri ilə bağlı açıqlama vermiş olub.
Qeyd edək ki, ötən ilin 4 oktyabrında keçirilən parlament seçkilərində sağ təmayüllü "Portuqaliya Cəbhəsi" qələbə qazansa da, parlamentdə yetərli çoxluğu əldə edə bilmədiyi üçün qurduğu azlıq hökuməti 10 gün sonra istefa verməli olmuşdu. Bu səbəbdən komunist və radrikal partiyalardan dəstək alan Sosialist Partiyasının qurduğu hökumət iqtidara gəlmişdi.
Sabah keçiriləcək prezident seçkilərində 10 namizəd yarışacaq. 67 yaşlı Rebelo de Sousa ən güclü namizəd hesab olunur. Lissabon Universitetinin Hüquq fakültəsinin professoru olan namizəd bir müddət liderliyini etdiyi Sosial Demokrat Partiyasından ("Portuqaliya Cəbhəsi" iqtidarının ən böyük ortağı) millət vəkili seçilib.
Fanat.az