"Bundan çətin start oyunu təsəvvür etmək olmaz. Biz təkcə son Avropa çempionu ilə yox, həm də ötən mövsüm Avropa çempionatında bizi məğlub etmiş komandaya qarşı oynayacağıq". Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycan futzal yığmasının üzvü Amadeu Fernandes deyib.
Millimiz Serbiyada keçirilən Avropa çempionatı çərçivəsində bu gün ilk oyununa çıxacaq və İtaliya yığması ilə üz-üzə gələcək. Matçdan öncə UEFA-nın rəsmi saytına açıqlama verən Amadeu rəqibin gücündən danışıb: "İtaliyaya məğlubiyyət bizə çox pis təsir etmişdi. Amma bu dəfə hər şey fərqli nəticələnməlidi".
Qeyd edək ki, 2014-cü ildə Belçikada keçirilən Avropa çempionatının C qrupunda yer alan Azərbaycan millisi İtaliyaya 0:7 hesabı ilə yenilmişdi. Yığmamız qrupda sonuncu, italyanlar 1-ci olmuşdu. Finaladək irəliləyən bu günkü rəqibimiz həlledici matçda Rusiyanı udaraq Avropa çempionu olmuşdu.
İtaliya millisi indiyədək 9 dəfə keçirilmiş Avropa çempionatlarında 6 medal qazanıb. İki dəfə çempion olan (2003, 2014) komanda bir dəfə gümüş (2007), üç dəfə bürünc (1999, 2005, 2012) sahib çıxıb. İtalyanlar son iki dünya çempionatının bürünc mükafatçısıdı.
Azərbaycan millisinin Avropa çempionatındakı ən böyük uğuru isə dördüncülük olub. Komandamız 2010-cu ildə Macarıstanda keçirilən qitə birincliyində yarımfinaladək irəliləyib. 1/2 finalda penalti seriyasında Portuqaliyaya uduzan komnadamız 3-cü yer uğrunda matçda bu ilki Avropa çempionatında digər rəqibimiz olan Çexiyaya boyun əyib.
Fanat.az