Xəbər verdiyimiz kimi, dünya çempionu Maqnus Karlsen azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və rusiyalı şahmatçı Sergey Karyakinə qarşı ağır ittiham irəli sürüb. Norveçli qrossmeyster həmkarlarını öz aralarında danışılmış oyunlar keçirdiklərini bildirib.
"Onlar Norveçdə də əvvəlcədən razılaşmışdılarsa - hərçənd, heç bir sübutum yoxdu - buna təəccüblənmərəm. Bəlkə birgə çalışan və dost olan insanların partiyaları izlənilsin?! O zaman yalanı üzə çıxarmaq olar. Belə hallara maraqla tamaşa edirəm. Xoşbəxtlikdən, dünya çempionatlarında bu, mümkün deyil. Özüm məşğul olmuram, amma bunu digər insanların etməsinə mane olmaq çətindi" deyə Karlsen bildirib.
Artıq Şəriyar Məmmədyarov Karlsenin iddialarına cavab verib. Həmyerlimiz TV 2-yə açıqlamasında ittihamı əsasız sayıb. Lakin azərbaycanlı qrossmeyster bu cür razılaşmaların mümkünlüyün etiraf edib: "Ötən dəfə qalib gəldiyim üçün Sergey revanş götürmək istəyirdi. Üstəlik, mən ağ fiqurlarla oynayırdım. Bəzən elə alınır ki, artıq matçdan öncə təslim olursan. Bu, hər dəfə, hər turnirdə baş verməyə bilər. Amma sən xəstəsənsə və ya əhvalın pisdirsə, üstəlik, ağ fiqurlara qarşı oynayırsanda, bu cür hallar baş verir. İdman və azarkeşlər üçün doğru olanı isə mübarizə aparmaqdı. Fikrimcə, yaxşısı, qalib gəlməyə çalışmaqdı".
Sergey Karyakin isə TV-yə açıqlamasında Məmmədyarovla dost olduğunu etiraf edib, lakin matçın danışılmış olmadığını bildirib: "Biz dostuq, amma yarışırıq. Hər ikimiz qalib gəlməyə çalışırıq və bu nəticə heç birimizə kömək edən deyil. Mən də hərdən adlarını çəkmək istəmədiyim bəzi oyunların danışılmış olduğunu düşünürəm. Lakin belə olaylar bu səviyyədə nadir hallarda baş verir”.
Qeyd edək ki, Şəhriyar Məmmədyarovla Sergey Karyakini Norveçdə keçirilən Stavanger superturnirinin III turunda heç-heçə edib.
Fanat.Az