Yunanıstan Kubokunun yarımfinal mərhələsinin ilk matçı çərçivəsində keçirilən PAOK - "Olimpiakos" matçı yarımçıq dayandırılıb. Fanat.az xəbər verir ki, qonaqların 2:1 hesabı ilə öndə olduğu qarşılaşmada Salonikidən olan azarkeşlər hakimin qərarlarından narazı qalıb və nəticədə meydana protexniki vasitələrlə yanaşı, yad əşyalar atıblar.
PAOK azarkeşlərinin bu davranışı ölkə futboluna baha başa gələ bilər. Belə ki, Yunanıstan Kuboku uğrunda keçirilən oyunlar ləğv edilib. Bu barədə ölkənin İdman nazirinin köməkçisi Stavro Kontonis açıqlama verib. Onun sözlərinə görə, bütün hadisələr hakimiyyətin nəzarətindədi. O, bu şərtlərlə yarışın davam etdirilməyəcəyini deyib. Dövlət rəsmisi lazım gələrsə, daha ciddi tədbirlərə əl atacaqlarını söyləyib.
Digər tərəfdən isə Yunanıstan Futbol Federasiyası verilən qərarla razılaşmır. Buna görə də federasiyanın məhkəməyə müraciət ediləcəyi bildirilir.
Fanat.az