"Artıq seviniləsi bir şey yoxdu. Təəssüf ki, min cür əziyyətlə qazanılan çempionluqdan sonra gəzən söz-söhbətlər, verilən qərarlar adamı küsdürür, futboldan iyrəndirir. Hələ ki, ayın axırını gözləyirik. Müəyyən sənədlər var ki, klub rəhbərliyi onları AFFA-ya təqdim etməlidi. Bir faiz də olsa ümidimiz var". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçala"nın baş məşqçisi Kamal Quliyev qol.az-a müsahibəsində deyib.
Ötən mövsüm I divizionun qalibi olan "Neftçala" lisenziyalaşdırmaya görə Premyer Liqaya buraxılmayıb. Bir neçə gün əvvəl Lisenziyalaşdırma Komissiyası qərarlarını açıqlayıb və ardıcıl ikinci mövsümdə I divizionun qalibi olan "Neftçala"nın adı yenə siyahıda yoxdu. Klubun lisenziya almaq üçün müəyyən sənədləri vermədiyi bildirilir və buna görə rəhbərliyə 14 gün vaxt verilib.
Bu gün müsahibə verən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də bu məsələyə toxunub. "Neftçala"nın maliyyə sənədlərini təqdim etmədiyini bildirən qurum rəhbəri klub rəhbərliyini tez bir zamanda bu məsələləri həll etməyə çağırıb.
Çatışmayan yeganə sənədlərinin maliyyə ilə bağlı olduğunu etiraf edən Kamal Quliyev "Neftçala"nın "Rəvan"dan əskik olmadığını bildirib: "Mən ötən mövsüm bu məsələni həm klub rəhbərliyi, həm də AFFA-nın baş katibi Elxan Məmmədovla müzakirə etdim. O vaxt klubumuzu dağıtmaq istəyirdim. Elxan müəllimlə görüşümdə də bildirdim ki, bu klubun qalmağındansa dağılmağı yaxşıdı. Ancaq bəzi futbolçulara heyfim gəldi. Bizdə elə futbolçular var ki, onları Azərbaycan futbolu üçün qazana bilərik. Bizim heç nəyimiz “Rəvan”dan əskik deyil. Onlar məndən inciməsinlər. Olmayan bir “Rəvan” Premyer Liqada çıxış etdi. Ancaq çempion olan, heyətində Premyer Liqa üçün alışıb yanan futbolçulara malik bir komandanın ağzından vurdular. Təəssüf ki, səriştəsizlik, futbolumuzun əksinə verilən qərarlar bizi bu vəziyyətə gətirdi. Öz rəhbərliyimiz də söz verdi ki, gələn mövsüm hər şey qaydasında olacaq. Lisenziya ilə bağlı xüsusi bir hüquqşunas ayrıldı. Bu işlərlə necə lazımdısa, məşğul oldular. Ancaq yenə sonda iki maliyyə sənədimiz çatmadı. Biz Premyer Liqada oynamaq üçün əlimizdən gələni edirik. Klub rəhbərliyi bunu bizdən də çox istəyir. Bu il üç futbolçumuz Premyer Liqada çıxış etdi. İnanın, oyunlarına baxanda elə bilirdik ki, biz oynayırıq".
Baş məşqçi AFFA-nın güzəşt etməli olduğunu bildirib: "Belə olmaqdansa, bu çempionatı dağıtmaq lazımdı. Tahir Süleymanov “Xəzər TV”də çox səmimi fikirlər səsləndirdi. Deyir hansı lisenziyadan danışırsız? 1992-1993 mövsümündə Premyer Liqada 18 komanda çıxış edirdi, I divizionda isə 22. O cür dözülməz şəraitdə komandalar mübarizə aparırdı. Onda lisenziya var idi? Biz demirik ki, Premyer Liqaya çıxan kimi Avroliqaya gedəcəyik. Daxili çempionatda iştirak etmək üçün mütləq klublara güzəşt etmək lazımdı. Beş sənədindən üçü yoxdusa, güzəşt edin də. AZAL, “Rəvan” və “Xəzər Lənkəran” bu mövsüm ərzində məncə, 500 min manatdan az pul xərcləyib. Ancaq bizim klub ildə 500 min manatdan çox pul xərcləyir. Biz bu pulu Premyer Liqada xərcləyə bilmərik?"
"Neftçala" Premyer Liqaya buraxılmayacağı halda hamının iç üzünü açacağını deyən Kamal Quliyev komandanı dağıdağını bildirib: "Əgər komandamız Premyer Liqaya buraxılmasa, hamının iç üzünü açacam. Ruzini verən Allahdı. Kamal Quliyev futbolda olmaya da bilər. Təki futbolumuz düz yolda olsun. Heç kimdən çəkinəcəyim yoxdu, heç kimin yanında başım aşağı deyil. Gizlətmirəm, klub rəhbərliyi ilə də görüşüb, onların yanında olan nüfuzumdan istifadə edərək əlimdən gələni edəcəm ki, komanda dağılsın. Çünki I diviziona belə komanda lazım deyil. Bu komanda I diviziondan doyub. Nə qədər eyni komandalarla oynamaq olar? Guya Premyer Liqada 10 komandanın olmağı yaxşıdı? Bunlar bir-birilə qarşılaşmaqdan bezmirlər? Bölgələrdə də futbol yaratsalar, nə olar ki?"
Baş məşqçi "Neftçala" rəhbərliyini də qınayıb: "Rayonda futbol olanda icra hakimiyyətinin başçısı gəlib oyuna baxar, camaat da ona baxıb stadionlara gələr. Bu dəfə çempionluq kubokunu alanda nə rayonun millət vəkili, nə də icra hakimiyətindən kimisə gördüm. Klubun problemini tək bizim rəhbərliyimiz həll etməməlidi. Bununla rayon sakinlərindən tutmuş millət vəkilinə qədər hər kəs maraqlanmalıdı. Bizə kubok təqdim olunanda üzümü azsaylı azarkeşlərimizə tutub dedim ki, Neftçalaya futbol lazım deyil. Hamısı da deyir ki, Premyer Liqada oynasanız, gələrik. Düzünü demək lazımdı. Kimi aldadırıq. Sonda futbolumuz ziyan çəkəcək".
Fanat.az