Bu gün tanınmış şərhçi Gündüz Abbaszadənin doğum günüdü. Fanat.Az xəbər verir ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindən məzun olmuş həmkarımız 36 yaşını qeyd edir.
Gündüz Abbaszadə uzun illər ANS telekanalında fəaliyyət göstərib. 2002-ci ildən işə başladığı Azərbaycanın ilk müstəqil televiziya kanalındakı fəaliyyəti, xüsusən də Çempionlar Liqasının oyunlarındakı şərhçiliyi ilə şöhrət qazanıb. Hətta 2012-ci ildə baş tutan Çempionlar Liqasının "Fənərbaxça" - "Çelsi" oyunundakı çılğın şərhçiliyi şöhrətinin ölkə sərhədlərini aşmasına səbəb olmuşdu. Onun bu oyundakı işi "Kanal D" əməkdaşlarının diqqətindən yayınmamış və Gündüz Abbaszadə Türkiyə teleməkanının ən nüfuzlu şoularından sayılan "Bəyaz şou"da məşhur şoumen Bəyazın qonağı olmuşdu.
ANS TV-dən ayrıldıqdan sonra bir müddət "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbərlik edən Gündüz Abbaszadə yenidən sevimli işinə - şərhçiliyə qayıdıb. Hazırda o, fəaliyyətini "CBC Sport"da davam etdirir.
Fanat.Az-ın kollektivi Gündüz Abbaszadəni təbrik edir, ona şəxsi işlərində və karyerasında uğurlar arzulayır.
Fanat.Az