Genetik hücumçu

Genetik hücumçu

Əslində, həyatın hər addımında atalar sözlərinə ehtiyacımız var. Bəzən bunlar nöqtə rolunu da oynayır. Misal üçün "ot kökü üstə bitər" kimi.

Adını daşıdığı Musa Qurbanov dövrünün ən yaxşı hücumçularından biri hesab olunub. Azərbaycan çempionatının bombardiri olmağı bacaran Musa Qurbanovu hətta Qurban Qurbanovdan daha üstün hücumçu sayanlar da az deyil. Sadəcə, Qurban Qurbanov beynəlxalq arenalarda adından daha çox söz etidrməyi bacarıb. Azərbaycan millisinin ən çox qol vuran futbolçusu olan Qurban Qurbanovla Musa Qurbanovu birləşdirən əsas özəllik isə fiziki gücdür. "İki ürəkli” oyunçular öz rəqiblərini məhz bu mənada üstələyiblər. İndi bu qardaşlar Musa Qurbanlı adlı gənci Azərbaycan futboluna qazandırmağa çalışırlar. "Qarabağ-2”də oynasa da, Musa-2 ilk addımlarını "Neftçi”də atıb. Elə ilk qollarını da "Neftçi” üçün vurub. Atası Qurban Qurbanov oğlunu daha çox nəzarəti altında saxlamaq üçün onu "Qarabağ”a gətirdi. Əvvəlcə aşağı yaş qruplarında oynayan Musa hazırda "Qarabağ”ın ikinci komandasının əsas qol silahı sayılır. Başqa sözlə desək, son vaxtların ən uğurlu komandası olan "Qarabağ”ın qapısını aralamaqdadır.

Peşəkar səviyyədə ilk qolunu ata-babasının yurdu olan Zaqatala təmsilçisinin qapısından keçirən Musa Qurbanlının sonrakı oyunlarda vurduğu qollar, dubl etməsi, mövqe seçimi və qol hissiyatı və digər məqamlar onunla bağlı müsbət düşünməyə əsas verir. Əslində, Musanın ən azından əmisini və atasını unutdurmamaq üçün səbəbi yoxdu. Niyə? Çünki... 1. Musa futbolun sirrlərini Azərbaycanda öndəgələn uşaq futbol məktəblərinin birində - "Neftçi”də öyrənib.

2. Hələ yeniyetməikən atasının rəhbərlik etdiyi "Qarabağ”ın əsas heyəti ilə təlim-məşq toplanışlarında olub. Azərbaycan millisinin əsasını təşkil edən,

Avropada meydan sulayan kollektivlə demək olar ki, eyni məşqləri edib. Peşəkar futbol mühitini hiss edib.

3. Fiziki göstəriciləri, boy-buxunu, zərbəsi, gücü kifayət qədər yaxşıdır. Belə demək mümkünsə, göstəriciləri ona cərimə meydançasının ağası olmağa şərait yaradır.

4. Elə bir mühitdə, nizam-intizamlı ailədə böyüyüb ki, ulduz xəstəliyinə tutulmağa şansı yoxdur. Hər halda, komandada, kollektivdə nizam-intizama xüsusi önəm verən, yolundan azanı isə ciddi cəzalandıran Qurban Qurbanov öz oğlunun hərəkətlərinə göz yummaz, yuma bilməz.

5. Azərbaycan üçün keçərli olmasa da, dünyanın futbol nəbzinin vurduğu ölkələrdə şəxsi məşqçi anlayışı var. Yəqin ki, müstəqillik dönəminin ən uğurlusu olan Qurban Qurbanovun oğlunun digərləri ilə müqayisədə belə bir üstünlüyü var. Hər halda, Qurban Qurbanov hər axşam olmasa da, böyük ölçüdə həfətnin 2-3 günü oğlu ilə futbolun müzakirəsini aparır.

6. Bir də genetik məsələlər önəmlidi. İstedad bir az da genetikaya bağlı olan bir şeydir. Qurban Qurbanovun oğlu olan, Musa Qurbanovun adını daşıyan yeniyetmədə heç olmasa bir neçə qram hücumçu qanı olmalıdır.

7. Bir az yerləşmə məsələsinə toxunaq. Bilirik ki, Musa Qurbanov və Qurban Qurbanov bu yerə dişləri, dırnaqları ilə gəlib çıxıblar. Gözdən qulaqdan uzaq Zaqatalada böyüyən uşaqların arzusu "Neftçi” olub. Bu, Qarabağın Azərbaycanın olduğu kimi bir reallıqdır. Amma Musa Qurbanlı gözünü açandan futbolumuzun mərkəzində olub. Əvvəl "Neftçi”, indi "Qarabağ”. İstedadlı olmasına bir sözümüz yoxdur, meydanda qolları vuran da atası və ya əmisi deyil, özüdü. Amma istənilən halda onun keçdiyi yolla atası və əmisinin keçdiyi yol bir başqadır. Tarlada işləyib, bütün günü əziyyət çəkib həm də futbolçu olmaqla, rahat həyat yaşayıb, futbolçu olmağın fərqi çox böyükdür. Odur ki, Qurban Qurbanov və Musa Qurbanov Musa Qurbanlı üçün həm də bir psixoloji məktəb olmalıdır. Həyatın dərinliklərini izah edib, bu yolda əlindən tutmalıdırlar.

Ancaq böyük ölçüdə götürürüksə, bu üç adı birləşdirən yolun bir adı var: futbol. Ümid edək ki, Musa bəlli yaş mərhələlərini maneəsiz və itkisiz keçib, doqquzluqları dəqiq nişan alacaq. ELGİZ ABBASOV

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər