Millimizin və Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli Xorvatiya çempionatında son iki turda vurduğu qollarla yerli tərəfdarların da diqqətlərini üzərinə çəkib.
"Dinamo"nun fəal azarkeşlərindən olan Luka Markovinoviç Mahir barədə fikirlərini Fanat.Az-a bölüşüb.
"Məncə, o, əla idi! Emreli böyük hücumçu kimi yüksək bacarıqlara malik olduğunu nümayiş etdirdi. Onun oyununa baxmaqdan zövq aldım. Vurduğu qollardan başqa, tirdən və dirəkdən dönən zərbələri də olub. Səviyyəli oyun nümayiş etdirdiyini söyləməliyəm. "Dinamo"nun baş məşqçisi ilə Emreli barədə danışmaq imkanım olsaydı, deyərdim ki, Mahirə oynamaq üçün kifayət qədər vaxt verin! Amma düşünürəm ki, azərbaycanlı futbolçu bir neçə turdan sonra daha çox şans qazanacaq. Təbii, bu potensialla əsas heyətin daimi üzvünə çevrilə bilər. O, Mislav Orşiçlə çox yaxşı tandem təşkil edir".
Zaqreb klubunun fanatı Mahirin yerli azarkeşlər arasında qazandığı nüfuzdan da danışıb:
"Mahir, böyük potensiala malik olduğunu göstərdiyi üçün azarkeşlər arasında "böyüməyə" başlayıb. Ümid edək ki, hər şey yaxşı olacaq və Emreli çempion olmağımıza kömək edəcək. Mahir bundan sonra da eyni templə oynamalıdır".
Emin Şəmsiyev