"Neftçi" bu gün Müşahidə Şurasının avqustun 27-də keçirilmiş iclasında müzakirə olunmuş məsələlər və qəbul olunmuş qərarlarla bağlı məlumat yayıb. 7 bəndlik rəsmi məlumatda diqqəti çəkən bir sıra məqamlar var ki, ən əsası qəbul olunan qərarların icrasına təyin edilən koordinatorların kimliyidi.
Belə ki, həyata keçiriləcək bütün layihələrə koordinator olaraq Müşahidə Şurasının üzvləri - Cəbrayıl Cəbrayılov, Zaur Qəhrəmanov, Səməd Qurbanov, Bəhram Bağırzadə, Mehdi Nəcəfov və Fərhad Bədəlbəyli təyin edilib. Bütün işlərə ümumi nəzarəti isə şura sədri Çingiz Abdullayev edəcək.
Bəs klubun icraçı direktoru Elnur Məmmədov? Düzdü, klubun ali orqanı Müşahidə Şurasıdı. Amma şura icraedici orqan deyil. AFFA prezidenti Rövnəq Abdullayevin dediyi kimi, bu bir quruluşdu, şəffaflıq deməkdi. Müşahidə Şurası müzakirə edir, qərar verir, onu təsdiqləyir, qərarların icrası isə Elnur Məmmədovun başçılıq etdiyi İcra Orqanı həyata keçirir.
Elə Müşahidə Şurası yaradılanda kluba idarəçilik səlahiyyətləri Elnur Məmmədova həvalə olunmuşdu. Hamının anladığı dildə desək, "Neftçi"nin yeni Sadıq Sadıqovu Elnur Məmmədov olmuşdu. Bu günə qədər klubun idarəçiliyi də məhz onun nəzarəti altında idi. Çingiz Abdullayevin başçılıq etdiyi qurum isə formal olaraq fəaliyyət göstərir, hansısa tədbirlərdə iştirak edir, iclas keçirib masalarının üstünə qoyulmuş qərarları imzalamaqla yetinirdi. İndi isə...
Müşahidə Şurasının qəbul etdiyi qərarlardan birinə nəzər yetirək:
1. Klubda islahatların davam etdirilməsi
Klubda infrastrukturun yaradılması istiqamətində böyük işlər görülmüş, idarəetmə sistemində islahatlar aparılmış, futbol akademiyası strukturu qurulmuş, maliyyə hesabatlarında şəffaflığa nail olnmuşdur. Bununla yanaşı klubun xərclərinin optimallaşdırılması, eləcə də inzibati heyət və kadr siyasətinə təkrar baxılması ilə bağlı qərar qəbul edilmişdir.
Müşahidə Şurası tərəfindən bu istiqamətdə koordinator olaraq Cəbrayıl Cəbrayılov təyin edilmişdir.
Göründüyü kimi, ən önəmli məsələlər - maliyyə və kadr siyasəti Müşahidə Şurasının üzvlərindən birinə tapışırılıb. Bu çox ciddi məqamdı və "Neftçi"nin mövcud biabırçı durumdan çıxarılması yönündə dəyişikliklərin hazırlandığına işarə vurur.
Bunun əksini deyənlər ola bilər. İddia edilər ki, Elnur Məmmədov Müşahidə Şurasının üzvü deyil, şura qərar verib, icrasını üzvlərinə tapşırıb. Yuxarıda qeyd etdiyimiz kimi, Müşahidə Şurası icraedici orqan deyil, Milli Məclis kimi qanunverici orqan statusunu daşıyır. Dediklərimizin sübutu olaraq bir misal göstərək: Bir neçə gün əvvəl AFFA İcraiyyə Komitəsinin iclası keçirildi və qəbul olunan qərarların icraçı qurumun İcra Orqanı olan Baş katibliyə və baş katib Elxan Məmmədova tapşırıldı. Məgər Elxan Məmmədov İcraiyyə Komitəsinin üzvüdü? Bəlkə indiyədək İcraiyyə Komitəsinin hansısa qərarının həyata keçirilməsi prosesinə komitə üzvlərindən kimsə nəzarə edib? Yox. İcraiyyə Komitəsi qərar verir, onu həyata Baş katiblik keçirir. Yəni Elxan Məmmədov. "Neftçi"nin Elxan Məmmədovu baş katibun kadrı kimi kluba yerləşdirilən Elnur Məmmədovdu.
Görünən odu ki, artıq Elnur Məmmədov səlahiyyətlərini böyük ölçüdə itirib. Hər halda AFFA prezidenti Rövnəq Abdullayev də son müsahibəsində Müşahidə Şurasını və baş məşqçini müdafiə etməklə, günahkarın Elnur Məmmədov olduğuna işarə vurmuşdu...
Fanat.Az