Topaz Premyer Liqasının VII turunda dünən “Qəbələ”nin qonağı olan "Kəpəz" 2:0 hesablı qələbəylə mövsümdə ilk zəfərini reallaşdırıb. Fanat.Az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı Şahin Diniyevin matç haqda fikirləri klubun saytında yerləşdirilib:
“Rəqibin gücünə bələd idik. Bilirdik ki, Qəbələ”nin heyətindəki futbolçular matçın taleyini təkbaşına həll edəcək gücdədilər Ona görə də, çox ehtiyatlı oynamağa çalışdıq. Oyunu əks-hücumlar üzərində qurmuşduq. Bu da bizdə alındı. Oyunda ritm vardı və bu ritmi tuta bildik. Uşaqlara təşəkkür edirəm. Çox xallar itirmişik, bundan sonra çalışacağıq ki, uğurlu çıxış edək. Sonuncu yer Gəncə futboluna yaraşmır. Klub rəhbərliyinə və azarkeşlərə minnətdaram ki, həm mənim, həm də komandanın arxasında durdular. Biz də onların inamını, etimadını doğrultmağa çalışdıq. “Qəbələ”yə də oyuna görə təşəkkür edirəm. Biz imkanlardan istifadə edib qələbə qazandıq. Taktiki cəhətdən düzgün oynadıq”.
Fanat.Az