Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç dünya çempionatı ərəfəsində yerli HRT kanalının qonağı olub.
Fanat.Az xəbər verir ki, 56 yaşlı mütəxəssis qatıldığı verilişdə üç il əvvəl inanılmaz təklif aldığını, amma millidən ayrılmaq istəmədiyini açıqlayıb: "Hamı mənə dedi ki, səhv edirəm və bu imkandan yararlanmalıyam. Dəhşətli təkliflər var idi. Konkret, Çin klublarından birinin ("Dalian Yifanq") sahibi məni aparmaq istəyirdi. Mənim üçün Parisə gəlmişdi. O, mənə illik on milyon avroluq müqavilə təklif etdi. Üç illik müqavilə idi. Ona təşəkkür etdim və getməyəcəyimi dedim. Çox təəccübləndi, amma səbəbini soruşmadı. Yarım ildən sonra qayıtdı və bu dəfə iki gün danışdıq. Dedim ki, millidən getməyəcəyəm, çünki bu, mənim xalqımdır, mənim ölkəmdir. Nə olsun ki, burda o qədər pul yoxdur. O, bu dəfə məni anladı. Ertəsi Londona getdi, cənab Benitesi götürüb Çinə apardı. Bu qərarıma görə heç vaxt peşman olmamışam, əksinə bu qərarımla fəxr edirəm".
Qeyd edək ki, Xorvatiya Qətərdə keçiriləcək dünya çempionatında Belçika, Kanada və Mərakeşlə mübarizə aparacaq.
Mirağa