Daha bir futbolçu karyerasını bitirir. Fanat.az xəbər verir ki, Argentinanın "Rasinq" klubunda çıxış edən Dieqo Milito yaşıl meydanlarla vidalaşır.
Argentinalı ulduz 17 il davam edən peşəkar futbolçu karyerasına son qoymaq qərarına gəlib. Bu barədə futbolçu özü məlumat verib. Milito bildirib ki, Libertadores Kubokundan sonra karyerasını bitirəcək.
Futbola "Rasinq"də başlayan Milito 5 il formasını geyindiyi klubda 137 oyun keçirib və 34 qol vurub. 2004-2009-cu illərdə çıxış etdiyi İtaliyanın "Cenoa" və İspaniyanın "Saraqosa" klublarında 198 matça çıxıb və 110 dəfə fərqlənib. 2006-cı ildə "Cenoa" onu 5 milyon avroya "Saraqosa"ya satıb, 2 il sonra 13 milyon avroya geri alıb.
2009-cu ildə "İnter" argentinalı hücumçunu 25 milyon avroya heyətinə qatıb. O, Milan klubunun heyətində 128 oyuna çıxaraq 62 qola imza atıb. 2014-cü ildə "İnter"lə müqaviləsi başa çatan futbolçu doğma klubu - "Rasinq"ə dönüb.
Milito "İnter"lə 6 titul qazanıb və bunlardan 5-ni 2010-cu ildə əldə edib. O, A Seriyasının (2009/10), İtaliya Kubokunun (2009/10, 2010/11), Super Kubokunun (2010), Çempionlar Liqasının (2009/10) və klublararası dünya çempionatının (2010) qalibi olub. 2009/10 mövsümündə Çempionlar Liqasının finalında "Bavariya"nı 2:0 hesabı ilə yendikləri matçdakı hər iki qola məhz Milito imza atıb.
36 yaşlı futbolçu 2003-2011-ci illərdə Argentina millisinə dəvət alıb. Bu müddətdə 25 oyuna çıxıb və 4 qol vurub.
Fanat.az