"Yuventus"un və İtaliya millisinin qapıçısı Canluici Buffon karyerasını bitirəcəyi tarixi açıqlayıb. Fanat.az xəbər verir ki, qolkiper 2018-ci ildəki Dünya çempionatından sonra yaşıl meydanlarla vidalaşacaq.
38 yaşlı qapıçı daha 2,5 il futbol oynamaq istədiyini bildirib: "Əgər "DÇ-2018"ə gedə bilsəm, ondan sonra karyeramı bitirəcəm".
Qeyd edək ki, "Parma"nın yetirməsi olan Buffon 2001-ci ildən "Yuventus"da çıxış edir. O, 1997-ci ildən çağırıldığı İtaliya millisində 154 oyun keçirib. Milli komandanın heyətində 2006-cı ildə dünya çempionatının qızıl, 2012-ci ildə Avropa çempionatının gümüş medalını qazanan qolkiper 2013-cü ildə Konfederasiyalar Kubokunun bürünc medalına sahib çıxıb. O, klub karyerası ərzində İtaliya çempionluğunu (6 dəfə), ölkə kubokunu (2), Super Kubokunu (6) və UEFA Kubokunu (1) qazanıb, iki dəfə Çempionlar Liqasında final oynayıb.
Fanat.az