Avropada derbi günü

Avropada derbi günü
Bu gün Avropa futbolunda derbilər günü kimi əlamətdar olacaq. Fanat.az xəbər verir ki, qitənin 5 ölkəsində böyük qarşılaşmalar baş tutacaq.
Sözsüz ki, Azərbaycan futbolsevərlərinin diqqəti Türkiyəyə yönələcək. Belə ki, ölkəmizdə böyük azarkeş kütləsi olan "Qalatasaray" və "Fənərbaxça" "Türk Telekom Arena"da üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.
Komandalar turnir cədvəlində fərqli mövqelərdə qərarlaşıb. "Fənərbaxça" 25 turdan sonra 59 xalla ikinci pillədə qərarlaşıb və lider "Beşiktaş"dan 4 xal geri qalır. "Sarı-lacivərdlilər" səfər oyununda qələbə qazanmaqla fərqi minimuma endirmək istəyir. Cari mövsümdə uğursuz çıxış edən "Qalatasaray" isə 39 xalla 5-ci pilləni tutur və liderdən 24 xal geridədi. "Sarı-qırmızılılar" doğma meydanda önündə əzəli rəqibini yenməklə azarkeşləri önündə bəraət qazanmağa çalışacaq. Komandalar arasında ilk dövrədə baş tutan oyun 1:1 hesabı ilə yekunlaşıb.
Avropada derbi günü
İngiltərədə Mançester derbisi baş tutacaq. "Mançester Siti" əzəli rəqibi "Mançester Yunayted"i qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20.00-da start götürəcək. 
"Mançester Siti" 29 turdan sonra 51 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və lider "Leyçester"dən 15 xal geridədi. "Mançester Yunayted" isə 29 oyundan sonra 47 xalla 6-cı pilləni tutur. "Qırmızı şeytanlar" liderdən 19 xal geri qalır. Komandaların ilk dövrədəki oyununda hesab açılmayıb.
Avropada derbi günü
İtaliyada Turin derbisi baş tutacaq. Şəhərin eyniadlı təmsilçisi "Yuventus"u qəbul edəcək. Olimpiya stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 18.00-da start götürəcək.
"Yuventus" 29 turdan sonra 67 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi "Napoli"ni 3 xal qabaqlayır. Turin təmsilçisi ardıcıl 5-ci, ümumilikdə 32-ci çempionluğunu qazanmağa yaxındı. Meydan sahibləri isə 29 turdan sonra 33 xalla 13-cü pillədə qərarlaşıb. "Yuventus" ilk dövrənin oyununda bu komandanı 2:1 hesabı ilə yenib. Komandaların kubokdakı oyununda qalib A Seriyasının lideri olub - 4:0.
Avropada derbi günü
Çexiyada isə Praqa derbisi var. Çempionatın XXII turunda şəhərin iki komandası "Sparta" və "Slaviya" üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 22.30-da başlayacaq.
"Sparta" 20 oyundan sonra 47 xalla turnir cədvəlinin ikinci pilləsini tutur və lider "Viktoriya"dan 6 xal geri qalır. "Slaviya" isə 21 oyundan sonra 36 xalla 5-ci pillədə qərarlaşıb. Komanda liderdən 17 xal geridədi. Komandaların ilk dövrədəki oyununda "Slaviya" qələbə qazanıb - 1:0.
Avropada derbi günü
Daha bir derbi Türkiyənin PTT 1-ci liqasında baş tutacaq. Belə ki, Super Liqaya vəsiqə uğrunda mübarizə aparan "Adanaspor"la "Adana Dəmirspor" üz-üzə gələcək. Matçın start fiti Bakı vaxtı ilə saat saat 18.00-da başlayacaq.
"Adanaspor" 25 turdan sonra 47 xalla turnir cədvəlinə başçılıq edir. 47 xalı olan və ikinci pillədə qərarlaşan "Karabükspor" artıq XXVI turun oyununu keçirib. "Adana Dəmirspor" isə 25 oyundan sonra 43 xalla 3-cü pilləni tutur. Komandaların ilk oyununda "Adana Dəmirspor" 2:0 hesablı qələbəyə sevinib.
Avropada derbi günü
Bu gün Avropada başqa maraqlı qarşılaşmalar da keçiriləcək. Fransada çempionluğu təmin etmiş PSJ ikinci pillədəki "Monako" ilə qarşılaşacaq. Hollandiyada PSV və "Ayaks" üz-üzə gələcək. Xorvatiyada aralarında gərgin rəqabət olan "Hayduk" və "Dinamo" münasibətlərini aydınlaşdıracaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər