Bu gecə Amerika Kubokuna yekun vurulacaq. Fanat.az xəbər verir ki, Bakı vaxtı ilə saat 04.00-da başlayacaq final matçında Argentina və Çili milliləri qarşılaşacaq.
Argentina millisi tarixində 27-ci dəfə final oynayacaq. Lionel Messinin komandası qalib gələcəyi halda 15-ci dəfə kuboka sahib çıxacaq. Bu isə onların rekorda şərik çıxması deməkdi. Belə ki, indiyədək Amerika Kubokunu ən çox qazanan Uruqvay millisi 15 dəfə kuboku başı üzərinə qaldırıb.
Argentina artıq 23 ildi kuboka həsrətdi. Bu komanda sonuncu dəfə 1993-cü ildə - Ekvadorda keçirilən turnirin qalibi olub. Həmin vaxtdan sonra keçirilən 7 turnirdə 3 dəfə finala çıxan argentinalılar qalib ola bilməyib. 2004-2007-ci illərdə Braziliyaya uduzan komanda ötən il Çiliyə yenilib. Həmçinin Argentina 4 dəfə bürünc medallarla kifayətlənib.
Digər finalçı Çili cəmi bir dəfə Amerika Kubokunu qazanıb ki, bu da ötən il baş verib. 4 dəfə finalda yenilən komanda 5 dəfə bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, bu tarixin 45-ci Amerika Kubokudu. Bunlardan 29-da turnir Cənubi Amrika çempionatı, 16-da Amerika Kuboku adlanıb.
Fanat.az