"Simurq"un sabiq qapıçısı Pavel Kapsanın Polşa mətbuatına verdiyi müsahibə bir neçə gündü ki, müzakirə olunur. Polşalı futbolçu Azərbaycanda üzləşdiyi problemlərdən danışıb.
Qaynar.info "Simurq"da onunla komanda yoldaşı olmuş, hazırda AZAL-ın qapısını qoruyan Amil Ağacanovun bu barədə fikirlərini öyrənib.
Amil Kapsaya yazdığını və ondan niyə belə müsahibə verdiyini soruşub: "Onun müsahibəsini oxuduqdan sonra şoka düşmüşəm. O, Azərbaycanda olanda heç belə danışmırdı. Dərhal ona yazdım. Dedim, bu nədi, Qurban bayramını pisləmisən. Polşada donuz başlarının necə kəsildiyini öz gözlərimlə görmüşəm. İndi bizim bayramımızı pisləyirsən. Oxuyub, amma cavab yazmayıb.
Ümumiyyətlə, bu adam çox qaraqabaq, çox xəsis insan idi. Yerli futbolçular, Cihan Özkara, Ali Gökdrmir və digər əcnəbi futbolçularla Zaqatalada həmişə çay evində otururduq. O isə heç vaxt bizimlə olmurdu. Yaxınlıq etdiyi futbolçular Adam Banaş və bir az da Patrik Osiako idi. Azərbaycanda olanda deyirdi ki, burda da yaxşı qapıçılar var, futbolçularımızı tərifləyirdi. İndi gedib ölkəsində bizi pisləyib. Halbuki "Simurq"da maddi durum pisləşən kimi komandanı tərk etdi. Biz isə sonadək oynadıq.
Kapsanın hələ ipini Zaqatalada yığmışdılar. Yoxsa o burda çox şey edərdi. Bizim yanımızda özünü quzu balası kimi aparırdı. Amma yaxın dostu Osiako oynadılmayanda məşqdə özünü intizamsız aparır, qruplaşma yaratmağa çalışırdı".
Fanat.az