Çempionlar Liqasında 1/8 final mərhələsi başa çatıb. Fanat.az xəbər verir ki, bu gecə son iki 1/4 finalçı müəyyənləşib.
Vəsiqələrdən birinin sahibi "Barselona" - "Arsenal" matçında sahibini tapıb. Kataloniyalılar səfər oyununda 2:0 hesablı qələbə qazandığından demək olar ki, növbəti mərhələyə çıxmışdı. "Nou Kamp"da sensassiya baş verməyib və 3:1 hesablı qələbə qazanan "Barselona" adını qitənin ən güclü 8 komandası arasına yazdırıb.
Digər oyun isə "Bavariya" və "Yuventus" arasında keçirilib. Komandalar arasında Turində baş tutan matç 2:2 hesabı ilə yekunlaşmışdı. "Bavariya"ya mərhələ keçmək üçün 0:0 və 1:1 hesablı heç-heçə də sərf edirdi, ötən ilin finalçısı "Yuventus" isə mərhələ adlamaq üçün qələbə qazanmalı və ya 2:2-dən böyük hesablı heç-heçəyə razılaşmalı idi. Cavab oyununun ilk yarısında 2:0 hesablı üstünlük əldə edən "Yuve" bu şansdan yararlana bilməyib. Belə ki, almanlar ikinci yarıda bərabərliyi təmin edib. Bu səbəbdən qalib əlavə vaxtda müəyyənləşib. Əlavə 30 dəqiqədə 2 qol vuran almanlar 4:2 hesablı qələbə qazanaraq mərhələ adlayıb.
Qeyd edək ki, bundan əvvəl "Real" (İspaniya), "Atletiko" (İspaniya), "Volfsburq" (Almaniya), "Mançester Siti" (İngiltərə), "Benfika" (Portuqaliya) və PSJ (Fransa) 1/4 finala çıxıb.
Çempionlar Liqası
2015/16 mövsümü
1/8 final, cavab oyunları
16 mart
Barselona (İspaniya) - Arsenal (İngitərə) 3:1
Qollar: Neymar, 18. Luis Suares, 65. Lionel Messi, 88 - Mohamed Elneni, 51.
İlk oyun - 2:0.
Bavariya (Almaniya) - Yuventus (İtaliya) 4:2
Qollar: Robert Levandovski, 73. Tomas Müller, 90+1. Tyaqo Alkantara, 108. Kinqsley Koman, 110 - Paul Poqba, 6. Xuan Quadrado, 28.
İlk oyun - 2:2.
Fanat.az