Almaniya - Fransa: 28-ci qarşılaşma

Almaniya - Fransa: 28-ci qarşılaşma
Bu gün Avropa çempionatının ikinci finalçısı müəyyənləşəcək. Yarımfinalın ikinci qarşılaşmasında meydan sahibi Fransa yığması Almaniyanı sınağa çəkəcək.
C qrupundan qol buraxmadan və lider kimi çıxan Almaniya millisi 1/8 finalda Slovakiyanı, 1/4-də İtaliyanı mübarizədən kənarlaşdırıb. Fransa isə A qrupunu lider kimi tamamlayıb, növbəti iki mərhələdə İrlandiya və İslandiyadan üstün olub.
Almaniya və Fransa milliləri 28-ci dəfə qarşılaşacaq. Bundan əvvəl baş tutan 27 matçda almanlar 9, fransızlar 12 qələbə qazanıb, 6 görüşdə qalib gələn olmayıb. 27 oyunda qapılara ümumilikdə 43 qol vurulub.
Avropa çempionatının final mərhələsində ilk dəfə qarşılaşacaq rəqiblər dünya çempionatlarında 4 dəfə üz-üzə gəlib. Bunlardan 2-də Almaniya, 1-də Fransa qələbə qazanıb, 1 matç "sülh"lə bitib.
Almaniya 9, Fransa 5-ci dəfə yarımfinalda
Avropa çempionatında 12-ci dəfə qatılan Almaniya 9-cu dəfə yarımfinala çıxıb. Tarixi ərzində 3 dəfə kuboka sahib çıxan almanlar 1972, 1976, 1980, 1988, 1992, 1996, 2008 və 2016-cı illərdəki turnirlərdən sonra bu il də yarımfinal həyacanı yaşayacaq. Komanda indiyədək oynadığı 8 yarımfinal matçından 6-da qalib gələrək finala çıxıb. Bundan başqa Almaniya 4 dəfə dünya çempionu olub.
Ev sahibi Fransa isə 9-cu dəfə qatıldığı Avropa çempionatlarında 5-ci yarımfinal matçına çıxacaq. 1984 və 2000-ci illərdə turnirin qalibi olan fransızlar 1960 və 1996-cı illərdə də yarımfinalda oynayıb. Onlar 4 yarımfinal matçında 2-də finala çıxaraq qalib adını qazana biliblər. Fransa indiyədək bir dəfə dünya çempionluğunu qazana bilib.
Almaniyada ciddi itkilər
Almaniya yarımfinal maçtına itkilərlə çıxacaq. Belə ki, zədələnən Mario Qomeslə Sami Kedira, həmçinin sarı vərəqə limitini doldurmuş Mats Hummels oyunu kənardan izləyəcək. İtaliya matçında zədə almış Bastian Şvaynştaygerin durumu isə qeyri-müəyyəndi.
Fransada isə vəziyyət fərqlidi. Belə ki, meydan sahiblərinin heyətində nə zədəli, nə də cəzalı futbolçu var. Onlar Almaniyaya qarşı tam heyətlə oynayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər