Ağlı-qaralı gələcəyimiz və ya...

Ağlı-qaralı gələcəyimiz və ya...
...ağını çıxartmış qaranlıq "Neftçi" 
3 ay bundan əvvəl "Neftçi"nin U-14 komandası Rusiyanın Krasnodar şəhərində keçirilən "Dəri top" turnirində iştirak edib və yarışın qalibi olmuşdu. Klub rəhbərliyi bu kiçik qələbəni toy-bayram edərkən məhz Fanat.az böyük biabırçılığı, “xalq komandası”nın işbilməz rəhbərliyinin dövlət siyasətinə və milli maraqlarımıza necə böyük zərbə vurduğunu aşkara çıxarmışdı. 
Məlum olmuşdu ki, Krasnodarda keçirilən turnirdə “Neftçi”nin yetirmələriylə yanaşı separatçı rejimin hökm sürdüyü tanınmamış Cənubi Osetiya və Abxaziya “respublikalarının” təmsilçiləri də iştirak edib. Həmin vaxt araşdırmamız böyük əks-səda doğurmuş, klub tərəfindən üzrxahlıq açıqlaması yayımlanmışdı. Rəhbərlik iştirakçıların kimliyindən yalnız son anda xəbər tutduqlarını bildirmiş, bundan sonra bu cür məsələlərdə diqqətli olacağına söz vermişdi. 
“Neftçi” "xalq komandası" statusunu öz üzərinə götürdüyü üçün digərlərindən fərqlənməli, xüsusiylə, gənc nəslin sağlam ruhda tərbiyə olunmasına diqqət yetirməlidi. 
Dünən Azərbaycan tarixinin ən faciəli və həm də ən şərəfli günlərindən biri - 20 yanvar hadisələrinin 26-cı il dönümü qeyd edildi. 20 yanvarın Azərbaycan xalqının tarixində hansı yeri tutduğu ürəyi bu vətənlə döyünən hər bir kəsə məlumdur. Bunun nəticəsidir ki, hər il milyonlarla insan müqəddəs Şəhidlər Xiyabanının yolunu tutur, orda uyuyan şəhidlərimizin ruhuna ehtiram göstərir. Valideynlər övladlarını da ziyarətə aparırlar ki, azyaşlılar da qəhrəmanlıq tariximizdən xəbərdar olsun, şəhidlərimizə ehtiram göstərsinlər.
Təqdim etdiyimiz bu fotoya diqqətlə baxın. Dünən Şəhidlər Xiyabanında çəkilib. “Neftçi”nin əvəzedici heyətinin və aşağı yaş qruplarının futbolçuları rəhbərliklə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib. Amma buna ziyarət demək mümkündüsə? Bir türk mahnısında deyildiyi kimi: “şapkaları başında, əlləri ciblərində”... Üz ifadələrindən də açıq-aşkar görünür ki, bunları ora - xalqımızın qəhrəman övladlarının uyuduğu xiyabana məcburi şəkildə aparıblar. Əllərini ciblərindən çıxarmağı, şəhidlərin üzünə baxmağı belə özlərinə rəva bilməyən bu "ağ-qara qəhrəmanlar" sanki Şəhidlər Xiyabanına şəkil çəkdirmək üçün gəliblər. 
Ağlı-qaralı gələcəyimiz və ya...
Bu necə ziyarətdi? Şəhidlərin xatirəsinə necə ehtiramdı?
Biz də nəyi qoyub, nə axtarırıq. Azərbaycanın tarixini, separatizmin başımıza açdığı oyunları bilməyən yarıtmaz rəhbərliyin yetişdirdiyi gənclər elə belə də olmalıdı. Budu bizim gələcəyimiz? "Neftçi"nin bu günkü rəhbərliyi - masa arxasında oturub boş-boş danışmaqdan, cibini doldurmaqdan başqa heç nə bacarmayanlar gələcəyimizi qaranlığa doğru sürükləyir...
Bu fotonu övladlarınıza göstərin, 20 yanvarın, bu xiyabanda uyuyan şəhidlərimizin hansı səbəbdən həyatını fəda etməsinin əhəmiyyətini anladın. Anladın ki, gələcəyimiz onlar kimi olmasın! Anladın ki, siz də "Neftçi"nin şan-şöhrətli rəhbərliyi kimi duyarsız, milli hisslərdən uzaq insanlara çevirilməyin...
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər