Görəsən, başıləçəkli Samiraldo yanvarın 12-də oyunçu keçidlərinə rəsmən icazə tanıyan "transfer pəncərəsi" üçün "açıldı" deməyə neçəyə gələrdi? Özünün dediyinə görə, "xit"ə çevrilən o kəlməsiylə Bakıdakı şadlıq saraylarının, kafelərin və başqa obyektlərin açılışına 500 manata gedir. Ramin Musayev özü "üzdənirağ"a ağız açmazdı (həm də Bakıda deyil, "studiya"sını götürüb, Antalyaya gedib), amma Məlik Həsənov desəydi, Samiraldo lap 300-ə də razı olardı.
Əslində bu "transfer pəncərəsi"nin dəyəri heç 100 manat da eləmir. Özünü qıza oxşadan stilist Samir Əliyevin ağzına heyifdi. Axı klublar kimi, hansı bərkgedən futbolçunu rənglərinə bağlayıb? Hansına baxırsan, ya qapıçı alır, ya "ikinci əl" (dönüb dolaşıb ölkəmizə qayıdan), ya da ümumiyyətlə, "üçüncü növ" (keyfiyyət dərəcəsi aşağı olan) futbolçuları. Qurban Qurbanov kimi illərin təcrübəsinə sahib mütəxəssis Muarem Muarem, İnnosent Emeqara təcrübəsinin özünü doğrultmamasından nəticə çıxara bilmirsə, deyək ki, Ayxan Abbasovdan mütərəqqi nəsə gözləmək yersizdi. Səkkiz klubdan 5-i üskük kimi hərəkət etdirilən qapıçı əməliyyatında iştirak edirsə, adam hətta üşənir: "qışdan sonra dünya Azərbaycanda yeniliyə şahid olacaq, bu nə taktikadı?" Sanki bütün qolları qapıçılar vuracaq...
Ötən həftə U-21-in bəxti AÇILDI. Gənclər yığmamız gənc sayılan serbiyalı Milan Obradoviçə etibar olundu. Bir o qaldı ki, AFFA qırmızı xalı sərsin ayaqlarının altına. "Qa" dedi, Məşqçilər Komitəsinin üzvlərini sağına, soluna düzüb şəkil çəkdirdilər, "qu" dedi, "Sumqayıt-2"nin baş məşqçisi Elbrus Məmmədovu ona köməkçi təyin etdilər. Üstəlik, üçgünlük toplanış təşkil etdilər onun üçün. AFFA bir neçə gənc oyunçunun Antalyada olduğunu və bu vurçatlasında klublarının onları buraxmayacağını hiss edib Obradoviçi və Bakıda qalan yığma üzvlərini qardaş ölkəyə göndərdi. Yəni "dağ Məhəmmədə yaxın getmirsə, Məhəmməd dağa yaxın getsin". Şükür qovuşdurana. Halbuki U-21-in baş məşqçisi ilə bu tezliklə, bu darmacalda tanış olmağa ehtiyacı yox idi. Gənclərimizin seçmə oyunu iyunun əvvəlindədi. O vaxta qədər o qədər "pəncərə" olacaq ki. Ay bala, martda növbəti tsiklə start verəcək əsas yığma başsızdı e, ona əncam çəkin.
AÇILDI? "Səbail"lə "Sabah"ın saytı ilə maraqlanırsızsa, hələ də izləyicilərini intizarda saxlamaqdadı. Klub olmağın, təsisləşmənin əsas atributlarından biri media ilə əlaqə və saytın olmasıdı. Amma bizimkilər, hətta qarşısında yüksək hədəf olmayan da sırf bu günlə yaşayır, nəticəni fikirləşir, asan yola qaçır. Sayt açmaq, domen əldə etmək, qeydiyyatdan keçirmək, dizayn etdirmək... hamısı vaxt aparan işdi. Heyif deyil "feysbuk”, səhifə yaradırsan və gündə bir xəbər yazırsan, söhbət bağlanır. Bir şeyi ki Hacı Vaqif özünə səhifə açıb eynəyinin altından hamını izləyir, arada bir status və şəkillərini paylaşır, deyirsiz savadlı həmkarlarımız onu da bacarmasın? Allah Ramin Musayevin canını sağ eləsin, klubların qayğısına qalır, onların saytının görməli olduğu işi görür. Dünən Antalyadakı oyunların bir-ikisini məhz çempionat keçirən qurumun saytından izlədik. Televiziya sahəsində "analoq yayın" termini var, "verilənlərin kəsintisiz ötürülməsi" deməkdi. PFL-in addımı isə "analoqsuz analoq yayın"dı. Bir gün eşidərik ki, efir məkanımıza yeni kanal gəldi: pfl.tv AÇILDI.
Mirağa Mirzəyev, "Futbol+"