Bu gün AFFA-nın və SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin) prezidenti Rövnəq Abdullayevin doğum günüdü. Fanat.az хəbər verir ki, federasiya başçısının 50 yaşı tamam olur.
Rövnəq Abdullayev 1965-ci il aprelin 3-də Naxçıvan şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Sənaye və mülki tikinti" fakültəsinə daxil olub. 1983-1985-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub. 1985-ci ildə köçürmə yolu ilə V.V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib, 1989-cu ildə həmin institutu bitirərək "Neft Daşları"nda əmək fəaliyyətinə başlayıb.
1990-cı ildən "28 May" NQÇİ-də əsaslı tikinti şöbəsində mühəndis, 1991-ci ildən "Xəzərdənizneftqazinşaat" Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin istehsalat texniki şöbəsinin rəisi, 1994-cü ildə isə həmin idarənin baş mühəndisi vəzifələrində çalışıb. 1997-ci ildən "Xəzərdənizneftqaztikinti" trestinin müdiri vəzifəsində işləyib, 31 mart 2003-cü il tarixdə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun direktoru vəzifəsinə təyin edilib. 6 noyabr 2005-ci il tarixdə üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 9 dekabr 2005-ci il tarixdə ARDNŞ-in prezidenti vəzifəsinə təyin edilib.
2004-cü ilin fevralından "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti olan Rövnəq Abdullayev 2008-ci ildən AFFA prezidentidi. Onun rəhbərliyi altında komanda 2004 və 2005-ci illərdə Azərbaycan çempionu olub, 2004-cü ildə ölkə kubokunu qazanıb. 2005-ci ildən MDB və Baltikyanı ölkələrin çempionlarının "Birlik Kuboku" turnirində yalnız finalda uduzaraq ikinci yeri tutan "Neftçi" həmin il Ermənistan çempionu "Pünik"i məğlub etməklə futbol tariximiz üçün vacib olan qələbə qazanıb. Rövnəq Abdullayevin kluba rəhbərlik etdiyi dövrdə görülən işlər beynəlxalq arenada da tezliklə bəhrəsini verib. 2006-cı ildə "Birlik Kuboku"nu qazanan "Neftçi" iki il ardıcıl olaraq UEFA Çempionlar Liqasında mərhələ keçib.
SOCAR-ın prezidenti 2005-ci və 2010-cu illərdə keçirilən üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdü. Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdü.
Rövnəq Abdullayev evlidir, 2 övladı var. Dünən prezident İlham Əliyev onu "Şöhrət" ordeni ilə təltif edib.
Fanat.az