“Dortmund “Borussiya”sının oyununda müəyyən problemlər var” - Samir Əliyev

“Dortmund “Borussiya”sının oyununda müəyyən problemlər var” -  Samir Əliyev
Oktyabrın 20-də “Sabah” Bakı Olimpiya Stadionunda Dortmund “Borussiya”sını (Borussia Dortmund) qonaq edəcək.
Azərbaycan yığmasının sabiq hücumçusu, tanınmış məşqçi Samir Əliyevlə əlaqə saxlayıb matçla bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
“Sabah Bakı Olimpiya Stadionunda növbəti dəfə Çempionlar Liqasının himni səslənəcək. Fikrimcə, azarkeşləri maraqlı bir oyun gözləyir.
Bildiyim qədərilə, Dortmund “Borussiya”sı həm daxili çempionatda, həm də Çempionlar Liqasında son üç oyunda qələbə qazana bilməyib. Hətta səhv etmirəmsə, bu qarşılaşmalarda qol da vura bilməyib. Bu baxımdan, görünür ki, komandanın oyununda müəyyən problemlər var.
Sabahkı qarşılaşmaya gəlincə, komandamız yaxşı forma yığıb. Komanda həm daxili çempionatda, həm də son olaraq Çempionlar Liqasında evdə “Slaviya”ya (Slavia Praha, Slavia Prague) qalib gəlməklə uğurlarının təsadüfi olmadığını göstərir.
Əlbəttə, reallığa nəzər salsaq, “Borussiya Dortmund” daha üst səviyyəli komandadır. Bu baxımdan, sabah bizi çətin oyun gözləyir.
Amma əvvəlki illərdə Azərbaycan klubları, xüsusilə də “Qarabağ”, Avropanın nəhəng komandalarına qarşı uğurlu nəticələr əldə edə bilib. Məsələn, ötən mövsüm “Çelsi”yə (Chelsea), daha əvvəlki illərdə isə “Atletiko Madrid”ə (Atlético de Madrid, Atletico Madrid) qarşı xal qazanmaq mümkün olub.
Ümid edirəm ki, “Sabah” Almaniya klubuna qarşı ən yaxşı oyunlarından birini nümayiş etdirərək azarkeşlərini yenidən sevindirəcək. Komandaya uğurlar arzulayıram”.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər