Tovuzda keçiriləcək Çempionlar Liqası qarşılaşmasına hazırlıq işləri yekunlaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Son ölkə çempionu “Turan”la Xorvatiyanın “Mladost-Zaqreb” (Mladost Zagreb) klubu arasında keçiriləcək oyun üçün Tovuz Olimpiya İdman Kompleksi tam hazır vəziyyətə gətirilib.
Voleybol zalında Avropa Voleybol Konfederasiyasının (CEV (European Volleyball Confederation)) tələblərinə uyğun olaraq müasir Terafleks (Taraflex) örtük quraşdırılıb. Tamaşaçı tutumu artırılaraq 1500 nəfərə çatdırılıb. Arenada iki yeni tribuna və müasir oturacaqlar quraşdırılıb, həmçinin yeni VİP zona yaradılıb. Bundan əlavə, xüsusi işıqlandırma sistemi qurulub. CEV-in tələblərinə uyğun olaraq mətbuat konfransı otağı, miks zonalar hazırlanıb. Arenada və idman kompleksinin ərazisində böyük monitorlar da quraşdırılıb.
Qarşılaşmadan əvvəl Tovuz Olimpiya İdman Kompleksinin qarşısında geniş konsert proqramı təşkil olunacaq. Daha sonra azarkeşlər matçı kompleksin qarşısında quraşdırılan böyük monitorlar vasitəsil ilə də izləyə biləcəklər.
“ Turan” komandası qarşılaşmaya tam hazırdır və heyətdə itki yoxdur. Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmağı hədəfləyən klubun yeni mövsüm üçün büdcəsi də artırılıb, yüksək səviyyədə çıxış etmiş təcrübəli oyunçulardan ibarət heyət formalaşdırılıb.
Oyuna maraq böyükdür. “Turan” klubu tərəfindən ödənişsiz təqdim olunan biletlər qısa müddətdə azarkeşlər tərəfindən əldə edilib.
Qeyd edək ki, “Turan” – “Mladost-Zaqreb” qarşılaşması oktyabrın 20-də saat 19:00-da başlayacaq.