"Bəlkə də belə bir qayda var, mənim xəbərim yoxdur..." - Elhad Nəziri

"Bəlkə də belə bir qayda var, mənim xəbərim yoxdur..." - Elhad Nəziri
1-ci Liqanın 5-ci turunda "Karvan-Yevlax"la qarşılaşan "Gəncəbasar" 1:2 hesabı ilə uduzdu. Əvvəlki 4 turda qələbələri sıralayan Gəncə təmsilçisinin baş məşqçisi Elhad Nəziri ilə əlaqə saxlayıb məğlubiyyəti şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İlk dörd oyunda qələbə qazanmaq komanda üçün yaxşı motivasiya idi. "Karvan"la görüşün çətin keçəcəyini, çempionluq uğrunda mübarizə aparan kollektivlə qarşılaşacağımızı bilirdik. Rəqibin heyətində Premyer Liqada çıxış etmiş futbolçuların sayı çoxdur. Onları təhlil etmişdik. Standart vəziyyətlərdən yaxşı yararlandıqlarını, xüsusilə Samir Abdullayevin iti ötürmələri sayəsində uğur qazandıqlarını müəyyənləşdirmişdik. Bundan başqa, müdafiənin arxasına atılan toplarla da bizə problem yaratmağa çalışacaqlarına əmin idik. Əlbəttə ki, futbolçuları da məlumatlandırmışdıq.
Təəssüf ki, ani diqqətsizlik səbəbindən ilk dəqiqələrdə standart vəziyyətdən qol buraxdıq. İkinci qolu isə meydanda azlıqda qaldığımız vaxtda vurdular. Həkim meydana daxil olmayıbsa, yerdə qalan oyunçu meydandan necə çıxarıla bilər? Bəlkə də belə bir qayda var, mənim xəbərim yoxdur...
İstənilən halda, bu matç artıq geridə qalıb. Futbolçularıma sərdikləri oyuna, bütün zonalarda dominantlıq etdiklərinə görə təşəkkürümü bildirirəm. Bir neçə qol imkanımız da oldu ki, onların birindən yararlandıq. Belə məğlubiyyətlər bizi böyüdür. Bu yenilgidən nəticə çıxarıb səhvlərimizi daha yaxşı, daha ciddi şəkildə təhlil edəcək, növbəti oyunlara hazırlaşacağıq. Hazırda bütün diqqətimizi "Zaqatala" ilə oyuna yönəltmişik. Rəqib gənclərdən qurulmuş dinamik kollektivdir. Hədəfimiz futbolçuların, komandanın inkişafıdır. Öz hədəfimizə doğru irəliləyirik".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər