“Dortmund “Borussiya”sı ilə qarşılaşma bu baxımdan istisna olmayacaq” - Aslan Kərimov

“Dortmund “Borussiya”sı ilə qarşılaşma bu baxımdan istisna olmayacaq” -  Aslan Kərimov

Oktyabrın 20-də “Sabah” Bakı Olimpiya Stadionunda Dortmund “Borussiya”sını (Borussia Dortmund) qonaq edəcək.

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb oyun ilə bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

“Slaviya” (Slavia Praha, Slavia Prague) ilə matç tamamilə fərqli idi. Dortmund “Borussiya”sı qarşılaşma isə başqa cür olacaq. Hesab edirəm ki, bu dəfə daha ciddi, daha təşkilatlanmış və daha sürətli oynamağı bacaran rəqiblə üz-üzə gələcəyik. Düzdür, ilk turda səfərdə, deyəsən, “Budyo-Qlimt”ə (Bodø/Glimt, Bodo/Glimt) 0:1 hesabı ilə məğlub olmuşdu. Bildiyimə görə, ilk turda uduzublar. Buna görə də bu dəfə Bakıdan xalla qayıtmağa çalışacaqlar. Almaniya klublarına xas olan bir xüsusiyyət var. Onlar əks-hücumlarda çox güclü oynamağı bacarırlar.

Məncə, sabah diqqət yetirməli olduğumuz məqamlardan biri də budur ki, hücuma keçdiyimiz zaman rəqib bizə ciddi çətinlik yarada bilər. Yəni əks-hücumlar zamanı bizi yaxalaya bilərlər.
Amma mənə elə gəlir ki, bunun əksi də mümkündür. Dortmund “Borussiya”sı Bakıda oynayarkən “Slaviya” ilə müqayisədə daha dominant futbol sərgiləməyə çalışacaq. Çünki topa nəzarət Almaniya komandaları üçün həqiqətən də vacibdir. Belə olan halda bizim əks-hücumlarımız da təhlükəli ola bilər.
Düşünürəm ki, hücum xəttimizin oyunçuları sabah da qol imkanları yaratmağı bacaracaqlar. “Mançester Yunayted”ə (Manchester United) də qol imkanları yaratdılar, daha sonra “Slaviya” ilə oyunda kifayət qədər çox qol fürsətimiz oldu. Dortmund “Borussiya”sı ilə qarşılaşma bu baxımdan istisna olmayacaq. Məncə, bu oyunda tam konsentrasiya ilə çıxış edə bilsək, qələbə qazanmaq və ya xal əldə etmək ehtimalımız yüksək ola bilər. Buna görə də bu qarşılaşma futbol azarkeşləri tərəfindən səbirsizliklə gözlənilir”.
Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər