UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Slaviya"nı (Praqa) öz meydanında 2:0 hesabı ilə məğlub edən "Sabah" qitənin ən nüfuzlu klub turnirində növbəti matçını sabah Dortmund "Borussiya"sına (Borussia Dortmund) qarşı keçirəcək. Azərbaycan millisinin sabiq hücumçusu Xəqani Məmmədovla əlaqə saxlayıb Bakı Olimpiya Stadionunda (BOS) baş tutacaq görüşdən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Borussiya" Bakıya itkilərlə gəlir. Əlbəttə, Almaniya təmsilçisi itkilərə rəğmən, yenə çox güclüdür. Amma "Sabah" da əvvəlki turda "Slaviya"nı Bakıda inamla üstələyib. Yəni bu qələbə Almaniya nəhəngi ilə görüş ərəfəsində həm də özünəinam deməkdir.
Baş məşqçi Valdas Dambrauskas şənbə günü "Qəbələ" ilə səfər matçında (4:0) bəzi futbolçuların istirahət etməsinə şərait yaratdı. Təmsilçimiz yaxşı formadadır. "Borussiya" nə qədər güclü olsa da, Azərbaycan çempionunun uğur qazanmaq şansı var. Düşünürəm ki, "Sabah" bu qarşılaşmada xal və ya xallar qazana bilər. Komandamıza uğurlar arzu edirəm".
Nihat