Ölkənin köklü klublarından olan "Kəpəz"in başı qalmaqallardan ayılmaq bilmir ki, bilmir. Digər problemlər azmış kimi, futbolçuların yeməyinin içindən ölmüş siçan çıxması məsələsi isə gündəmə bomba kimi düşüb.
Milli.az-a danışan "Kəpəz" klubunun prezidenti Mehman Allahverdiyev bildirib ki, siçan-filan boş söhbətdi: "Özünüz düşünün də, uşaq deyilsiz ki... Siçan hara, yemək hara? Aşpaz o qədər kordu ki, siçan qazanın içinə girir, hələ üstəlik, onu boşqaba qoyur?! Bunların hamısı cəfəngiyyatdı. Yaxşı ki, deməyiblər, içindən fil çıxıb, ya da dinozavr. Buna bişmiş toyuğun belə gülməyi gələr".
Daha sonra Mehman Allahverdiyev bu məsələ üzündən klubdan ayrıldığı deyilən futbolçular haqqında da danışıb: "4 yox, 3 futbolçu bazanı tərk edib. Onlar da inanmıram, bu məsələ üzündən gediblər. Çox güman, başqa klublarla anlaşıblar deyə bəhanə kimi bunu uydurublar. Bir müddət əvvəl bu futbolçuların maaşlarını da qaldırmışdım. Allah üzümüzə baxıb ki, 1-ci, 2-ci yerdə getmir klub, yoxsa bunlar başımıza çıxardılar".
Fanat.az