"Bakı-2015" I Avropa Oyunlarının mümkün iştirakçılarından biri, 2014-cü ilin Dünya Kubokunda sinxron hərəkətlər üzrə bürünc medal qazanan Oleq Piunov Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.
- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
- 2000-ci ildə, evimizin yaxınlığında batut gimnastikası üzrə bölmə açılıb. Nadinc uşaq olduğuma görə, valideynlərim məni məşqlərə aparmaq qərarına gəldilər. Həmin vaxt mənim yeddi yaşım var idi.
- Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
- Düşünürəm ki, hə. Uşaqlıqdan futbolu və stolüstü tennisi sevirəm. Yadımdadı, eyni zamanda futbol və batut gimnastikası ilə məşğul olurdum.
- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədi?
- Bu axı mənim sirrimdi (gülür).
- Səncə hər hansı idman növündə vacib olan nədi?
- Peşəkar idmanda "bu vacibdi", "bu isə önəmli deyil" anlayışları yoxdu. Burada hər şey vacibdi. Hər bir şeyə fikir vermək lazımdı, başqa cür alınmır.
- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidi? Yoxsa bu idman növündən asılıdı?
- Hər bir idman növü təhlükəlidi, burada çox diqqətli olmaq lazımdı. Səhv təkan və ya yerə enmə idmançının səhhətinə təsir göstərə bilər.
- İdmanda kumirin varmı?
- Bəli, var. Bunlar Aleksandr Moskalenko və İrina Karayevadı (batut gimnastikası üzrə ilk Olimpiya çempionları).
- Yaxın gələcək üçün idman planlarından danış bir az.
- Gələcək planlarım Avropa Oyunlarıdı. Gərgin məşqlər və nəticə üçün çalışırıq. Bayrağımızı qaldırmaq, fəxri kürsüyə qalxmaq və ölkəmizin himnini eşitmək arzusundayam. Öz növbəmdə, bu planımı reallaşdırmaq üçün hər şey edəcəyəm.
- Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
- Bir daha qeyd edim ki, Avropa Oyunları mənim üçün birinci yerdədi, üstəlik onlar vətənimizdə keçiriləcək.
- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
- Hər bir insanda olduğu kimi, mənim də arzularım var. Böyük, mehriban ailə sahibi olmaq arzusundayam. Hər axşam, iş günündən sonra sakit və gözəl yerdə yerləşən rahat evdə yoldaşım və uşaqlarım ilə keçirmək istərdim. Xoşbəxtlik üçün daha nə lazımdı ki?
- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
- Təəssüflər olsun ki, bu həmişə alınmır.
- Öz ailən haqda danış bir az.
- Dəlicəsinə valideynlərimi sevirəm. Və hər şeyə görə onlara minnətdaram.
- Sevdiyin şəxs varmı?
- Bəli, var.
- Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?
- Dəstək səslərini eşitmək istəyirəm - bu mənə çox kömək edir. Fürsətdən istifadə edərək, mənə inandıqları və dəstək olduqları üçün çox sağ olun demək istəyirəm. Çalışıram onları məyus etməyim, axı onlar mənə görə narahat olurlar?!
Fanat.az