Namiq Əliyev: "Biz ancaq qələbə üçün çalışırıq"

Namiq Əliyev: "Biz ancaq qələbə üçün çalışırıq"

Aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək. Fanat.az xəbər verir ki, AGF-nın birinci vitse-prezidenti Namiq Əliyev yığma komandanın heyətini açıqladıqdan sonra media nümayəndələrinin suallarını cavablandırıb:

"Artıq əsas heyət açıqlandı. Fikrimcə, yarış üçün optimal heyət seçmişik. Dünya Kuboku yarışlarından sonra ilk Avropa Oyunları keçiriləcək. Ondan 3 ay sonra isə Dünya çempionatı olacaq. Hər bir yarış bizim üçün önəmlidi. Hər üç turnirdə güləşçilərimizin uğurla çıxış etməsinə çalışırıq. İlk olaraq, Dünya Kuboku turnirinə yollanacaq heyət barədə danışarkən, qeyd etməliyəm ki, burada kifayət qədər təcrübəli idmançılarımız, eyni zamanda, gənc idmançılar var. İnanıram ki, yarışlar zamanı onlar öz sözlərini deyəcəklər".

"Heyəti müəyyənləşdirərkən, çox məsələləri ölçüb-biçmişik. Rəqiblərimizdən hansı çəkilərdə güclü idmançılar varsa, biz də o çəki üçün iki idmançı götürmüşük. Bunların hamısı nəzərə alınıb", deyə Əliyev bildirib.

Vitse-prezident birinci olmaq üçün çalışdıqlarını deyib: "Artıq Azərbaycan güləşi elə bir səviyyəyə yüksəlib ki, bütün dünya hər turnirdə bizi favorit sayır. Öz növbəmizdə istənilən yarışda yalnız birinci olmaq üçün mübarizə aparırıq. Yəni 2-ci və ya 3-cü yerlər bizi qane etmir. İdmançılar da dərk edirlər ki, onlar birinci olmaq üçün yarışmalıdı. Biz ancaq qələbə üçün çalışırıq".

Qeyd edək ki, sərbəst güləş üzrə milli komandamız Dünya Kuboku yarışlarında B qrupunda İran, Belarus və Türkiyə yığmaları ilə mübarizə aparacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər