1-ci Liqanın 7-ci turunda MOİK "Zaqatala"nın qonağı olacaq. Ardıcıl böyükhesablı məğlubiyyətlər alan bölgə təmsilçisi bu görüşdə uğurlu nəticə qazanaraq "qara zolaq"dan çıxmağı hədəfləyibsə, kubokda "Şahdağ Qusar"a 1:9 uduzan nazirlik komandası çempionatdakı qələbə seriyasının ardını gətirməyə köklənib. "Hərbçilər"in baş məşqçisi İlham Yadullayevlə əlaqə saxlayıb qarşıdakı matç barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Zaqatala" gənc futbolçulardan qurulmuş hərəkətli komandadır. Baş məşçiləri də Premyer Liqa təcrübəsinə malik Rakif müəllimdir (Rakif Əliyev - red.). O, yetərincə yaxşı kollektiv formalaşdırıb. Sadəcə xallarının sayı azdır. Düşünürəm ki, "Zaqatala" bizə qarşı matça yaxşı hazırlaşıb və bu ev oyununda qələbə qazanmaq istəyir. Biz də çempionatdakı qələbələrimizin ardını gətirməyə köklənmişik. Bir neçə futbolçumuz zədəli olsa da, heyətimiz genişdir. Oyuna tam hazırıq. Zaqatalaya 3 xal dalınca gedirik. Buna nail olacağımıza inanırıq. Rəqibin kimliyindən asılı olmayaraq, hər matça qələbə üçün çıxırıq".
Qeyd edək ki, "Zaqatala" - MOİK qarşılaşması noyabrın 5-də keçiriləcək. Matçın start fiti 15:00-da səsləndiriləcək.
Nihat