1-ci Liqanın turnir cədvəlində lider mövqeyində qərarlaşan "Gəncəbasar" növbəti çempionat matçını səfərdə əsas favoritlərdən sayılan "Səbail"ə qarşı keçirəcək. Gəncə təmsilçisinin baş məşqçisi Elhad Nəziri ilə əlaqə saxlayıb oyundan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Təbii ki, "Səbail" əsas favoritlərdən biridir. Rəqibin yaxşı büdcəsi və səviyyəli heyəti var. Onların heyətində Premyer Liqa, milli komanda təcrübəsi olan oyunçular cəmləşib. Oyunun nə dərəcədə ağır keçəcəyini bilirik. Bizi çox çətin matç gözləyir".
Nəziri "mümkün heç-heçə sizi qane edəcəkmi" sualını da cavablandırdı: "Bütün komandalar qələbə qazanmaq istəyir. Hədəfimiz maksimum nəticədir. Amma futbolçularım meydanda istədiyim şəkildə mübarizə aparıb qələbə qazana bilməsələr, lap məğlub olsalar belə, onlardan razı qalaram. Bizim üçün oyundan-oyuna inkişaf etmək, komanda şəklində böyümək olduqca önəmlidir. Bildiyiniz kimi, "Gəncəbasar" məlum səbəblərdən bir gec qurulmuş kollektivdir. Bu heyəti formalaşdırarkən seçim imkanımız geniş deyildi. Yavaş-yavaş komandadan istədiyimizi almağa başlayırıq. Bir məşqçinin öz sistemini formalaşdırmasına uzun zaman lazımdır. Şükürlər olsun ki, futbolçular da inkişaf prosesinin sürətlənməsinə öz yanaşmaları ilə dəstək olurlar. Yenə də deyirəm, nəticədən asılı olmayaraq, futbolçular tapşırıqları düzgün yerinə yetirəndə, məşqlərdə öyrəndiklərini rəsmi matçlarda ortaya qoyanda komandamı qalib sayıram".
Qeyd edək ki, "Səbail" - "Gəncəbasar" matçı noyabrın 5-də keçiriləcək. Oyunun start fiti 15:00-da səsləndiriləcək.
Nihat