Bu gün Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı başa çatacaq.
Fanat.Az xəbər verir ki, yarışın son günündə Azərbaycanın sərbəst güləş millisinin 4 üzvü bürünc medal uğrunda mübarizə aparacaq.
Cəbrayıl Hacıyev (79 kq) və İslam Bazarqanov (57 kq) yarımfinal məğlubiyyətindən sonra, Ali Tsokayev (92 kq) və Turan Bayramov (74 kq) isə rəqiblərinin finala yüksəlməsi sayəsində təsəlliverici görüşlərə qatılacaqlar.
Hacıyev və Bazarqanovun bürünc medal görüşündəki rəqibləri təsəlliverici qarşılaşmaların nəticəsinə əsasən müəyyənləşəcək.
Tsokayev təsəlliverici görüşdə Nauru təmsilçisi Ceys Uera (Ceyss Uera) ilə qarşılaşacaq. Qalib gələrsə, bürünc medal uğrunda iranlı Amirhüseyn Firuzpurbandpeylə (Amirhossein Firoozpourbandpey) qarşılaşacaq.
Bayramov isə ilk təsəlliverici görüşdə kosovalı Ekzon Coni (Ekzon Xhoni) ilə güləşəcək. O, qələbə qazanacağı təqdirdə, növbəti görüşdə tacikistanlı Viktor Rassadini (Viktor Rassadin) yenməyə çalışacaq. Bu qarşılaşmanın qalibi bürünc medal uğrunda yaponiyalı Yoşinosuke Aoyaqi (Yoshinosuke Aoyagi) ilə üz-üzə gələcək.
Xatırladaq ki, yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb. Sərbəst güləşçilərdən isə Arseniy Djioyev (86 kq) gümüş, Giorgi Meşvildişvili (125 kq) isə bürünc mükafata sahib çıxıb.