"Matça kölgə salan məqam isə..." - "Xankəndi"nin baş məşqçisi

"Matça kölgə salan məqam isə..." - "Xankəndi"nin baş məşqçisi
Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Xankəndi” "Gəncəbasar"a Şamaxıda 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Qarabağ təmsilçisinin baş məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb matçı şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
“Həqiqətən də maraqlı, kuboka yaraşan bir oyun oldu. Bildiyiniz kimi, əsas heyətin bir çox futbolçusuna istirahət vermişdik, belə deyək, rotasiyaya əl atmışdıq. Çünki komandamızda az oyun vaxtı alan, hətta ümumiyyətlə meydana çıxmayan futbolçular var idi. İstədik ki, kubok oyununda həmin futbolçulara şans verək və görək gələcəkdə bizimlə davam edə, onlara daha çox forma şansı verə bilərikmi?
Bu baxımdan bizim üçün faydalı bir oyun oldu. Çünki həmin futbolçuların həm taktiki, həm də oyun praktikası baxımından inkişafı önəmli idi. Düşünürəm ki, oyunçular da həqiqətən verilən şansı yaxşı dəyərləndirdilər.
Matça kölgə salan məqam isə, bildiyiniz kimi, son dəqiqədə, yəni 120-ci dəqiqədə hakimin təyin etdiyi penalti oldu. Mənə görə, futbol ictimaiyyəti də bu vəziyyəti aydın şəkildə gördü. Yaxından da, uzaqdan da penalti ilə əlaqəsi olmayan bir epizodda qapımıza penalti təyin edildi.
Bu, futboldur, belə qərarlar olur. Amma deyərdim ki, bu, səhv qərar idi. Düzdür, hakim artıq həmin qərarı veribsə, hamı buna uyğun oynamağa razılaşır. Amma belə olmamalı idi. Çünki futbolçularımın 120 dəqiqə ərzində can qoyması, mübarizə aparması, sona qədər vuruşması məni ən çox düşündürən məqamdır. Lakin hakimin səhv qərarı üzündən futbolçuların çəkdiyi əziyyət hədər gedir.
Bəlkə də penaltilər seriyasına qalsaydı, yenə məğlub olacaqdıq. Amma burada problemli heç nə yox idi. Ən azından biləcəkdik ki, futboldur, penaltilərdə də, oyunun əsas vaxtında da məğlub ola bilərsən. Ən əsası, oyunun sonunda normal oyun gedişatında qalib gəldiyini və ya məğlub olduğunu bilirsən.
Amma hakim səhvi olanda bu, istər-istəməz həm uşaqlara, həm də bizə təsir edir. Ən çox da futbolçuların çəkdiyi əziyyətə görə heyifsilənirəm. Göstərdikləri oyuna və sona qədər mübarizə apardıqlarına görə uşaqlara təşəkkür edirəm.
Çünki həqiqətən də bu kubok oyununda heyətimizdə elə futbolçular var idi ki, bu mövsüm ilk dəfə meydana çıxırdılar. Hətta çempionatın altı turu ərzində heç bir oyunda iştirak etməmişdilər. Həmin oyunçuların nəinki 90, hətta 120 dəqiqə meydanda qalması həddindən artıq çətin məsələdir. Amma sağ olsunlar ki, sona qədər mübarizə apardılar, vuruşdular və əzmkar oyun nümayiş etdirdilər. Buna görə də öz futbolçularıma təşəkkür edirəm”.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər