"Kəpəz"in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 10-cu turu çərçivəsində "İmişli"yə qalib gəldikləri matçı (1:0) şərh edib.
Fanat.Az xəbər verir ki, mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında oyun haqda fikirlərini bildirib:
"Bilirdik ki, yaxşı komandaya qarşı oynayırıq. “İmişli” son iki matçda qələbə qazanmışdı və bizi çətin oyunun gözlədiyini anlayırdıq. Gəncədə “Kəpəz”ə qarşı oynamaq rəqib üçün də asan deyil. Qələbəmizdə azarkeşlərimizin və futbolçularımızın böyük payı var. Komanda bu gün çox yaxşı oynadı. Oyundan-oyuna inkişaf edirik. Ən sevindirici məqamlardan biri də ardıcıl neçə oyundur qol vurmağımızdır. Bununla yanaşı, bu gün qapımızı toxunulmaz saxlamağı da bacardıq. Belə davam etsək, xal və xallar qazanacağıq. Son iki matçda demək olar ki, hücumçusuz oynayırdıq. Hücumçusuz üç qol vurmağımız futbolçuların əziyyətinin bəhrəsidir".