"Bayern Münhen"in (Bayern München, Bayern Munich) hücumçusu Harri Keyn (Harry Kane) komandanın son günlərdə yaşadığı çətinliklərə baxmayaraq, yaxşı vəziyyətdə olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb.
Mənbənin məlumatına görə, Münhen təmsilçisi Çempionlar Liqasının əsas mərhələsində "Atletiko Madrid"lə (Atlético de Madrid, Atletico Madrid) qarşılaşmağa hazırlaşarkən bir sıra ciddi itkilərlə üzləşib.
Keyn bildirib ki, ötən həftə onun üçün böyük sevinc, komanda üçün isə çətinliklərlə yadda qalıb. İngiltərəli futbolçu "Qızıl top" mükafatını qazandıqdan cəmi üç gün sonra "Bayern Münhen"in baş məşqçisi Vinsent Kompani (Vincent Kompany) məşq zamanı özünü pis hiss edərək xəstəxanaya yerləşdirilib. Sonradan xəstəxanadan buraxılan belçikalı mütəxəssisin bir müddət komandanın yanında olmayacağı gözlənilir.
Bundan əlavə, Serj Qnabri (Serge Gnabry) və İsmail Saibari (Ismael Saibari) zədələnərək sıradan çıxıblar. Camal Musiala (Jamal Musiala) və Luis Dias (Luis Díaz, Luis Diaz) da zədələrini sağaltmağa davam edirlər.
Keyn mətbuat konfransında yaşananları belə şərh edib:
"Son günlər emosional baxımdan əsl eniş-yoxuşlarla yadda qaldı. Şəxsən mənim üçün ötən həftə böyük sevinc yaşandı, lakin baş məşqçimizin vəziyyəti və futbolçuların zədələri komandaya mənfi təsir göstərdi. Çox fərqli hisslər yaşadıq. Bütün bunların öhdəsindən gəlməli olduq və düşünürəm ki, bu hadisələr bizi bir komanda kimi daha da birləşdirdi".
İngiltərəli hücumçu zədəli futbolçuların yoxluğunun digər oyunçular üçün fürsət yaratdığını da vurğulayıb:
"Hazırda hər an uğrunda mübarizə aparmalıyıq. Əsas futbolçularımızdan və baş məşqçimizdən məhrumuq. Lakin bu vəziyyət komandadakı digər oyunçulara özlərini göstərmək imkanı verir".
Keyn həmçinin qarşıdakı beynəlxalq fasiləyədək diqqəti qorumağın vacibliyini bildirib. Onun sözlərinə görə, həmin müddətdə bəzi zədəli futbolçuların heyətə qayıtması gözlənilir.
Qeyd edək ki, "Bayern Münhen" bu gün UEFA Çempionlar Liqasında "Atletiko Madrid"in qonağı olacaq. Qarşılaşma Madrid şəhərində keçiriləcək.
Əlisahib İbrahimli