1-ci Liqanın iki liedrindən biri olan "Şahdağ Qusar" növbəti çempionat matçını səfərdə "Mingəçevir"ə qarşı keçirəcək. Qusar təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov ilə əlaqə saxlayıb yaxın keçmişdə "sükanı arxası"nda olduğu "işıqçılar"la oyundan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Mingəçevir"də işlədiyim dönəmdə komandanı çox çətin vəziyyətdən çıxarmışdıq. Əlbəttə ki, o dönəm həmişə yadımda qalacaq. Liqada qala biləcəyi inandırıcı görünməyən komandada həqiqətən yaxşı işlər gördük və yekunda mövsümü turnir cədvəlinin dördüncü pilləsində başa vurduq. Orada həm təcrübə, həm də "Mingəçevir" azarkeşlərinin sevgisini qazandım. Bu mənim üçün çox şey deməkdir.
Rəqibi təhlil etmişik. Zəif və güclü tərəflərini özümüz üçün müəyyənləşdirmişik və futbolçulara bu barədə məlumat vermişik. Heyətlərində yaxşı oyunçular olduğunu bilirik. Matça ciddi hazırlaşmışıq. "Mingəçevir" səfərdə "Xankəndi"ni yenmiş komandadır. O şəhərə rəqib kimi yollanmaq da xoş duyğular oyadır. Təbii ki, "Mingəçevir" azarkeşlərini çox sevirəm. Onların dəstəyini hər zaman hiss etmişəm və oyunlardan sonra azarkeşlərə təşəkkürümü bildirmişəm. Yenə də hər şey üçün mingəçevirli azarkeşlərə təşəkkür edirəm. Onlara olan isti münasibətim heç vaxt dəyişməyəcək. Amma bu, futboldur. İşlər elə gətirdi ki, oraya artıq rəqib komandanın baş məşqçisi kimi gedirəm. Çempionluğa oynayırıq və meydana qələbə üçün çıxacağıq".
Qeyd edək ki, "Mingəçevir" - "Şahdağ Qusar" matçı noyabrın 4-də baş tutacaq. Görüşün start fiti 15:00-da səsləndiriləcək.
Nihat