Azərbaycanlı hakim-inspektor Asim Xudiyev Ermənistanın "Alaşkert" klubunun Qazaxıstan "Kayrat"ı ilə səfərdə keçirəcəyi Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununa təyinat almasını şərh edib. O, "Report"a açıqlamasında Qazaxıstan və Ermənistan təmsilçilərinin görüşündə ardıcıl ikinci il iş başında olacağını söyləyib.
"İlk dəfə keçən il "Astana" - "Pünik" oyununda idim. Yenidən təyinat almağımı təsadüfi sayıram. Amma mənim oyuna aidiyyatım yoxdu. Nəticə də məni maraqlandırmır. Çünki yalnız hakimlərin işinə qiymət verirəm. Oyunda kimin qələbə qazanıb, kimin uduzacağı ilə maraqlanmıram. İşim hakimləri qiymətləndirməkdi" deyə sabiq futbolçu və FIFA referisi bildirib.
O, iyulun 16-da Almatıda keçiriləcək matça bir gün tez yollanacağını əlavə edib.
Qeyd edək ki, Asim Xudiyev rusiyalı hakimlər briqadasının işini qiymətləndirəcək. Matçın baş hakimi Sergey İvanov, yan xətt hakimləri Vyaçeslav Semyonov və Valeri Dançenko, dördüncü hakim Kirill Levnikov olacaq. UEFA nümayəndəsi isə belaruslu Sergey İlyiçdi. "Kayrat" - "Alaşkert" matçı Bakı vaxtı ilə saat 19:45-də başlanacaq.
Fanat.az