"Komanda artıq 5 gündü ki, bir yerdədi. Malta ilə oyuna hazırlıqdan razıyam. Artıq hazırıq və böyük istəklə oyun saatını gözləyirik. Məşqlərdə etdiklərimizi oyunda da göstərə bilsək, qələbə qazanacağıq. Komandaya inanıram. Yaxşı oyun sərgiləyəcəyimizə, uğurlu nəticə qazanacağımıza inanıram". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.
Malta ilə oyundan əvvəl mətbuat konfransı keçirən xorvat mütəxəssis "Neftçi"dən heç bir futbolçunun dəvət olunmamasına aydınlıq gətirib: "Formada olan futbolçular çağırmışam. Təəssüflər olsun ki, "Neftçi"də bizə Malta ilə oyunda kömək edəcək futbolçu yoxdu. Raufun zədəsi vardı. Bildiyim qədər "Neftçi"yə keçəndən qol vurmayıb. Millinin heyətində seçmə mərhələdə 4 oyuna çıxıb və yenə də qol vurmayıb. Lakin o demək deyil ki, qarşıdakı oyunlara dəvət olunmayacaq. Raufun olmamağı bizə hücumçu problemi yaratmayacaq. Komanda artıq hazırdı və motivasiya yüksəkdi. Raufun növbəti oyunlar üçün özünü göstərmək şansı olacaq".
Prosineçki Emil Balayev, Vaqif Cavadov, Eddi İsrafilov kimi klublarında əsas heyətdə yer almayan futbolçuları yığmaya çağırmasına da aydınlıq gətirib: "Mən demişəm ki, əsas heyətdə klublarında oynayanlar yer alacaq. Səlahət millidən kənarlaşdırıldığı üçün Emili çağırdım. “Neftçi”nin son oyunlarını görmüsüz? Biz təkcə sabahkı oyunu yox, gələcəyi fikirləşirik. “Neftçi”dən heç kimi çağırmamağım görürəm ki, böyük problem yaradıb. Qaldı ki Nurlan Novruzova, dəfələrlə cavab vermişəm. Bilirəm bombardirdi, amma mənim sistemimə uyğun oyunçu deyil. Məhəmməd Qurbanovda daha çox potensial görürəm".
Fanat.az