Adı döyülərək öldürülən jurnalist Rasim Əliyevin cinayət işində hallanan Cavid Hüseynovun "Qəbələ"nin düşərgəsindən ayrıldığı, istintaqa cəlb olunacağı barədə məlumat vermişdik. Bu gün isə Sabayel Rayon Məhkəməsində Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Sabayel Rayon Prokurorluğu tərəfindən Hüseynov barəsində təqdimata baxılıb və "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov 3 ay müddətinə həbs olunub.
Hüseynov Cinayət Məcəlləsinin 307.1, 307.2 - cinayəti bilib gizlətmə maddəsi ilə ittiham elan olunub. Cavidin vəkili Adəm Məmmədov futbolçu barəsində həbs qərarından apellyasiya şikayəti edəcəklərini bildirib.
Maraqlıdı, millimizin üzvü hansı halda sərbəst qala bilər? Sport7.az saytına açıqlama verən hüquqşunas Samirə Ağayevə məsələyə belə aydınlıq gətirib: "Qətimkan tədbiri dəyişdirilə bilər. Nəzərə alaq ki, ona 3 ay həbs verilib. Futbolçunun vəkilləri çox güman ki, apellyasiya şikayət verəcəklər. Apellyasiya məhkəməsi həbsin əsaslarını qəbul etməsə, onu başqa qətimkan tədbiri dəyişə bilər. Məsələn, polisə nəzarət, girov, ev dustağı və s. Amma, bu o demək deyil ki, Cavid Hüseynov sərbəst buraxıla bilər. Yalnız həbs qətimkan tədbiri dəyişdiriləcək. Bu, nəzəriyyədir. Təcrübədə isə fikrimcə, bu halda mümkün olan şey deyil. Çünki ictimi nəzarət və maraq böyükdür".
Bəs, onun birdəfəlik azadlığa buraxılması, hansı halda baş verə bilər?
Samirə xanım bunun ancaq məhkəmə hökmü ilə ola biləcəyini qeyd edib: "Nəzəriyyədə əgər məhkəmə onun əməllərində təqsir görməsə, bəraət hökmü ola bilər. Ancaq istintaq dövrü bu, mümkün deyil. Çox güman ki, Cavid Hüsenovun həbs müddəti uzadılacaq. İstintaq bir 1 il də davam edə bilər, 6 ay da."
Əldə etdiyimiz məlumata görə, Cavid Hüseynov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Qeyd edək ki, bu, cəzaçəkmə müəssiəsi deyil. Futbolçu həbsxanaya məhkəmə hökmü qanuni qüvvəyə minməsindən sonra köçürüləcək. Təbii ki, əgər ittiham hökmü çıxarılsa.
Fanat.az