Futzal üzrə Avropa çempionatı başa çatıb. Fanat.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda təşkil olunan yarışın finalında İspaniya və Rusiya yığmaları qarşılaşıb.
10 qolun vurulduğu oyun İspaniyanın böyük hesablı qələbəsi ilə yekunlaşıb. Belə ki, ispanlar şimal qonşumuzun üzərində 7:3 hesablı qələbəyə sevinib.
Bununla da İspaniya 7-ci dəfə qitə çempionu olub. 10-cu dəfə təşkil olunan yarışı 7 dəfə qazanan ispanlar bu mənada rekordçu hesab olunur. Cəmi bir dəfə Avropa çempionu olan Rusiya isə ardıcıl 3-cü, ümumilikdə isə 5-ci dəfə finalda uduzub. Qalan iki çempionluq isə İtaliya millisinin aktivindədi.
Üçüncü yer uğrunda oyunda Serbiya və Qazaxıstan milliləri qarşılaşıb. 7 qolun vurulduğu matçda qazaxlar qələbə qazanıb - 5:2.
Turnirin bombardiri 5 futbolçu olub. Belə ki, Aleks, Migelin, Mario Rivillos (üçü də İspaniya), Serik Jamankulov (Qazaxıstan) və Rikardinyo (Portuqaliya) turnir ərzində 6 qol vrub.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatının 1/4 finalında Rusiya ilə qarşılaşmış və 2:6 hesabı ilə uduzaraq, mübarizəni dayandırmışdı.
Fanat.az