"Mançester Siti"nin (Manchester City) hücumçusu Erlinq Holandın (Erling Haaland) atası Alf-İnqe Holand (Alf-Inge Håland, Alf-Inge Haaland) oğlunun gələcəyi ilə bağlı yayılan müzakirələrə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, Norveç millisinin üzvünün İngiltərə klubundakı gələcəyinin "Mançester Siti"nin maliyyə qaydalarının pozulması ilə bağlı apellyasiya prosesinin nəticəsindən asılı ola biləcəyini söyləyib.
İnformasiyanı "Goal.com" yayıb.
Alf-İnqe Holand bildirib ki, hazırda oğlunun əsas diqqəti futbol oynamağa yönəlib:
"Erlinq bacardığı qədər çox futbol oynamağı düşünür və diqqətini buna cəmləyir. Məncə, bu məsələ barədə daha çox meydandan kənarda olan bizlər düşünürük".
O, "Mançester Siti"nin maliyyə pozuntuları ilə bağlı ittihamlarının ciddi olduğunu, lakin apellyasiya prosesinin yekununu gözləməyin vacibliyini vurğulayıb.
"Bunlar, əlbəttə, ciddi ittihamlardır. Hazırda apellyasiya prosesi davam edir. Buna görə də sakitliyimizi qorumalı və nəticəni gözləməliyik. Klub özünü müdafiə etmək və günahsız olduğunu sübut etmək üçün güclü dəlillərə malik olduğuna inanır", - deyə Alf-İnq Holand bildirib.
Erlinq Holandın atası indiki futbolçuların illər əvvəl baş verdiyi iddia edilən hadisələrə görə cəzalandırılmasının ədalətsiz ola biləcəyini də qeyd edib.
Onun sözlərinə görə, hazırkı oyunçuların həmin dövrdə baş verənlərlə heç bir əlaqəsi olmayıb. Alf-İnq Holand komandanın çətin şəraitdə belə mübarizəsini davam etdirməsini də müsbət qiymətləndirib.
Qeyd edək ki, Erlinq Holandın "Mançester Siti" ilə müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir. Klub İngiltərə Premyer Liqasının maliyyə qaydalarının pozulması ilə bağlı qərardan apellyasiya şikayəti verib. İş üzrə yekun qərar hələ açıqlanmayıb.
Əlisahib İbrahimli