UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Sabah" "Vikinq"in (Viking) qonağı olacaq. Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayıb matçla bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bu oyunda taktiki mübarizə və fiziki hazırlıq ön planda olacaq. Norveç klubları adətən yüksək fiziki hazırlığı, sürətli cinah hücumları və standart vəziyyətlərdəki effektivliyi ilə seçilirlər. Düşünürəm ki, bizim çempionumuz da bunu yaxşı başa düşür.
Nəzərə alsaq ki, “Vikinq” indiyədək keçirdiyi oyunlarda hücumda kifayət qədər fəal olub və demək olar ki, hər qarşılaşmada qol vurmağı bacarıb, rəqibin hücum potensialını nəzərə almaq lazımdır. Bəzi matçlarda istədiyi nəticəni əldə edə bilməsə də, qol vurmaq imkanları yaradıb. Üstəlik, “Vikinq” doğma meydanda oynayacağından aqressiv və dominant futbol nümayiş etdirməyə çalışacaq.
Belə vəziyyətdə “Sabah” intizamlı müdafiə qurmalı, rəqibin arxada buraxacağı boşluqlardan isə sürətli əks-hücumlarla yararlanmalıdır.
“Sabah”ın üstünlüklərindən biri də turnirdəki yüksək motivasiyasıdır. Məsələn, püşkatma mərasimində “Vikinq”in rəqibimiz olduğunu görəndə bu komandaya qarşı xal qazanmağın mümkün olduğunu düşünürdük. Hesab edirəm ki, Norveç səfəri öncəsi “Sabah”ın motivasiyası maksimum səviyyədədir. Qazanılacaq hər bir xal komanda üçün böyük əhəmiyyət daşıyır və turnir cədvəlindəki vəziyyətə təsir göstərə bilər.
Nəticəyə gəlincə, düşünürəm ki, komandaların şansları bərabərdir. “Sabah” erkən qol vura bilsə, qələbə qazanmaq şansı xeyli artacaq. Çünki bu halda rəqibin oyun planı pozulacaq, hücuma daha çox qüvvə göndərdiyindən müdafiəsində boşluqlar yaranacaq. “Sabah” da bundan səmərəli istifadə edə bilər.
Bizə qalan isə “Sabah”ın ətrafında birləşmək və komandamıza uğurlar arzulamaqdır. İstəyirik ki, təmsilçimiz bundan əvvəl Çempionlar Liqasında keçirdiyi oyunlarda olduğu kimi, nəticədən asılı olmayaraq, yenə inamlı təsir bağışlasın. Ümidvarıq ki, “Sabah” Norveç səfərindən hər birimizi sevindirəcək nəticə ilə qayıdacaq”.
Qeyd edək ki, noyabrın 4-də, Bakı vaxtı ilə 00:00-da (yerli vaxtla 21:00-da) baş tutacaq görüş Stavangerdəki "Lyse Arena"da reallaşacaq.
Əlisahib İbrahimli