Əsrin transferi sayılan Qaret Beylin "Real"a keçidi rəsmiləşib. Fanat.az xəbər verir ki, "Tottenhem"in baş məşqçisi Andre Villaş-Boaşın ardınca "Kral Klubu" da transferi rəsmən açıqlayıb.
"Real"ın rəsmi saytınan yaydığı məlumata görə, uelsli ulduzla 6 illik anlaşma əldə olunub. Açıqlamada bildirilir ki, Beyl bu gün Bakı vaxtı ilə saat 16.00-da "Santyaqo Bernabeu" stadionda rəsmən təqdim olunacaq.
"Real" futbolçunun transferinə xərclənən məbləğlə bağlı məlumat verməyib. Amma İspaniya mətbuatı keçidin 100 milyon avroya başa gəldiyini açıqlayıb. Bununla da o, Kriştiano Ronaldonun rekordunu qıraraq dünyanın ən bahalı transferi olub. Beyl özü isə ildə 7 milyon maaş alacaq və reklam gəlirlərinin də 60 faizinə sahib olacaq.
Qeyd edək ki, 24 yaşlı Beyl 2006/07 mövsümünün sonunda "Soutqempton"dan (40 oyun, 5 qol) 10 milyon avroya "Tottenhem"ə keçmişdi. İndiyədək London klubunda 146 oyun keçirən uelsli ulduz 42 qol vurub. O, milli komandanın heyətindəki 41 oyununda 11 dəfə fərqlənib.
Onu da qeyd edək ki, "Real" cari mövsümdə Beylə qədər transferlərə 80.7 milyon avro xərcləmişdi. Asyer İllarramendini (Real Sosyedad) 38.9, İskonu (Malaqa) 30, Daniel Karvajalı (Bayer) 6.5 milyon avroya alan "Kral Klubu" Kasemiro (San Paulo) üçün 5.3 milyon ödəmişdi.
Fanat.az